Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Rəsmi Bakı İrana hücum məqsədilə üçüncü ölkəyə Azərbaycan ərazisindən istifadə imkanı yaratmaq niyyətində deyil. Bu sözləri Azərbaycan XİN başçısı Elmar Məmmədyarov iranlı həmkarı Manuçehr Mottaki ilə birgə keçirdiyi brifinqdə deyib.
"Azərbaycan qanunvericiliyinə əsasən, heç bir üçüncü ölkə digərinə hücum etmək üçün ərazimizdən istifadə edə bilməz" - deyə Məmmədyarov bildirib.
İyunun 7-də G8 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin ABŞ-a Qəbələ RLS-in birgə istifadəsini təklif edib. Putin bu təklifin ABŞ-ın Polşa və Çexiyada PRO elementlərini yerləşdirmək planından üstünlüklərini önə çəkib. Rusiya prezidenti qeyd edib ki, Qəbələ RLS güman edilən düşmənin raketlərini birinci sürət trayektoriyasında tapıb məhv etmək imkanı yaradacaq.
"İRNA"nın verdiyi məlumata görə, Məmmədyarov Qəbələ RLS-in Azərbaycana məxsusluğunu önə çəkərək bəyan edib ki, Rusiyanın ABŞ-la PRO sistemi sahəsindəki əməkdaşlığı regional təhlükəsizlik baxımından faydalı ola bilər.
"Hələlik bu əməkdaşlıqdan danışmaq tezdir, çünki Rusiya ilə ABŞ arasında heç bir anlaşma yoxdur" - deyə Azərbaycan XİN başçısı vurğulayıb.
Öz növbəsində Mottaki bəyan edib ki, İran Moskva və Bakıda Putinin Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı ABŞ-a etdiyi təklifi diqqətlə öyrənir.
"İranın təhlükəsizliyi tələb edir ki, bu cür ideyalar diqqətlə öyrənilsin" - deyə Mottaki bildirib.
O həmçinin qeyd edib ki, PRO mövzusu Rusiya XİN başçısı ilə danışıqlar zamanı müzakirə olunub: "Sergey Lavrov dedi ki, ABŞ-ın Avropada PRO elementlərinin yerləşdirilməsi planları Rusiya və Çin üçün təhlükə törədir".
Rusiya Azərbaycanda Rusiyanın ballistik raketləri izləyən sisteminin tərkib hissələrindən biri olan Qəbələ RLS-i icarə əsasında istifadə edir. Azərbaycanın şimal-qərb hissəsində yerləşən stansiya vaxtilə SSRİ-nin raketəleyhinə sisteminin vacib elementi kimi inşa olunub. Rusiya ilə Azərbaycan arasında stansiyanın onillik icarəsi ilə bağlı saziş 2002-ci ildə imzalanıb.