...

AŞPA-dakı nümayəndə heyətinin üzvü: "Azərbaycan dövləti bəyan edir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxarsa, bu halda onunla əməkdaşlığa başlana bilər"

Siyasət Materials 27 İyun 2007 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan dövləti bəyan edir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxarsa, bu halda onunla əməkdaşlığa başlana bilər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında "Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi və Cənub-Şərqi Avropada siyasəti" barədə ispaniyalı deputatın və bankın prezidenti Jan Lemyerin məruzələri ətrafında aparılan müzakirələr zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bu barədə bildirib.

Paşayeva vurğulayıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması, əslində, bütün bölgənin inkişafına mənfi təsir edən başlıca amildir: "Regional əməkdaşlıq Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllindən keçir. Bu baxımdan beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası münaqişələrin həll edilməsi istiqamətində səylərini artırmalıdır. Əks halda, məruzədə vurğulanan "Cənubi Qafqazda sabitlik paktı"nın praktik olaraq həyata keçirilməsi imkanları da sıfıra enəcəkdir".

Deputat qeyd edib ki, adıçəkilən bank Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Şahdəniz" Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin reallaşdırılmasına dəstək verib: "Məruzədə qeyd olunduğu kimi, hazırda çox sürətlə inkişaf edən Azərbaycanla AYİB arasında geniş əməkdaşlıq mövcuddur".

Onun fikrincə, Azərbaycanla AYİB arasında əməkdaşlıq yüksək səviyyədədir. Bankın ayırdığı kreditlər hesabına ölkədə böyük layihələr həyata keçirilib. Onların arasında yeni su elektrik stansiyasının tikintisi, Azərbaycan DRES-in yenidən qurulması, Bakının su təchizatı sisteminin yaxşılaşdırılması, aeronaviqasiya sisteminin modernləşdirilməsi, Transqafqaz dəmir yolu şəbəkəsinin yenidən qurulması kimi Azrbaycan üçün önəmli sahələr var. Bundan əlavə, AYİB ölkəmizdə bir neçə böyük bankın yaradılması və özəl sektorun müəyyən sahələri ilə bağlı iri layihələrdə iştirak edir. Bank aqrobiznes, əmlak, turizm, kommunikasiya sahələrində də əməkdaşlığı genişləndirməyi planlaşdırır.

"Mən məruzədəki "Ermənistan iqtisadiyyatının vəziyyəti siyasi amillərə əsasən Azərbaycan və Türkiyə ilə qeyri-əməkdaşlıq şəraitinə görə ağırlaşır" fikrinə aydınlıq gətirərək, Azərbaycanın yaxın qonşu və dost olan ölkələrlə yaxşı münasibətlər qurduğunu xatırlatdım. Bildirdim ki, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistanla heç cür əməkdaşlıq edə bilməz" - deyə Paşayeva əlavə edib.

AŞPA-nın yay sessiyası iyunun 25-də başlayıb və 29-dək davam edəcək. Sessiyada Azərbaycanın nümayəndə heyəti də iştirak edir.

Xəbər lenti

Xəbər lenti