...

Səməd Seyidov: "AŞPA prezidentinin Cənubi Qafqaza səfəri onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır"

Siyasət Materials 2 İyul 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Rene van-der Lindenin Cənubi Qafqaza səfəri onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır. Bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındaki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Seyidov qeyd edib ki, AŞPA prezidenti vəzifəsinin icrasına başlayanda və səlahiyyət müddəti başa çatanda Avropa Şurasına üzv olan bütün ölkələrə səfər edir: "Rene Van-der Lindenin AŞPA prezidenti kimi səlahiyyət müddəti 2008-ci ilin yanvarında başa çatır. O, artıq Avropa Şurasına üzv olan ölkələrin əksəriyyətinə səfərlər edib. Bir neçə gündən sonra Azərbaycan, Ermənistan və Gürcüstana gələcək. Bu, bizim üçün AŞPA prezidenti ilə bir daha müzakirələr apararaq öz mövqeyimizi ona çatdırmaq üçün bir imkandır". Nümayəndə heyətinin rəhbəri AŞ "AQO Qrupu"nun Azərbaycana səfərinə də toxunub. O vurğulayıb ki, "AQO Qrupu" Azərbaycanla yanaşı Gürcüstan və Ermənistana da səfər edəcək.

"Hər üç ölkə AŞPA-nın monitorinqi altındadır. "AQO Qrupu" bu ölkələrin Avropa Şurası qarşısında götürdüyü öhtəliklərin yerinə yetirilmə səviyyəsini öyrənəcək, əlaqələrin genişləndirilməsini araşdıracaq" - deyə Seyidov əlavə edib. Onun sözlərinə görə, "AQO Qrupu" Avropa Şurasının Nazirlər Komitəsinin xətti ilə vəziyyəti öyrənir: "Bu məsələdə də bizim narahatçılığımız yoxdur. "AQO Qrupu"nun səfərini normal qiymətləndirmək lazımdır. Həm AŞPA prezidentinin, həm də "AQO Qrupu"nun səfəri Azərbaycanla Avropa Şurası arasında olan münasibətlərə müsbət təsir edəcək".

Seyidov onu da deyib ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Herkel və Toni Lloyd da Bakıya səfər edəcəklər. Lakin səfərin vaxtı hələ dəqiqləşməyib. Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, AŞPA-nın Dağlığ Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin sədri, lord Rassel Conston oktyabrda bölgəyə səfər edəcək. Səfərin AŞPA-nın oktyabrda keçiriləcək payız sessiyasından sonra reallaşdırılmasına dair razılıq əldə olunub: "Conston Azərbaycana, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və Ermənistana səfər edəcək".

Xəbər lenti

Xəbər lenti