Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan prezidenti İlham Əliyev "Dövlət qulluğu haqqında" qanuna əlavələr və dəyişikliklərlə bağlı qanunun tətbiqi barədə fərman imzalayıb. Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qüvvəyə minməsi ilə əlaqədar Nazirlər Kabineti bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması barədə təkliflərini prezidentə təqdim etməlidir. Həmçinin Nazirlər Kabineti özünün və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etməlidir.
"Dövlət qulluğu haqqında" qanuna əlavə və dəyişikliklərin mahiyyəti barədə Trend ə məlumat verən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, əvvəlki qanunda Ombudsman Aparatı üçüncü kateqoriyalı dövlət orqanları sırasına daxil idi. Qanuna əlavə və dəyişikliklərdən sonra Ombudsman Aparatı birinci kateqoriyalı dövlət orqanlarına aid edilib. Bu sırada Prezidentin İcra Aparatı, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının Aparatları yer alır. Bu dəyişikliklə əlaqədar dövlət orqanlarında vəzifələrin təsnifatında da müəyyən dəyişikliklər olunub.
"Dövlət qulluğu haqqında" qanunda dövlət orqanları 7 kateqoriyaya, dövlət orqanlarındakı vəzifələr isə inzibati və yardımçı vəzifələr olmaqla 9 təsnifata ayrılıb.