...

Sabir Rüstəmxanlı: "Azərbaycan reallıqlarında müxalifətin vahid namizədinin olması mümkün deyil"

Siyasət Materials 13 İyul 2007 14:49 (UTC +04:00)
Sabir Rüstəmxanlı: "Azərbaycan reallıqlarında müxalifətin vahid namizədinin olması mümkün deyil"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gələn il keçiriləcək prezident seçkilərində müxalifətin mümkun qədər az sayda namizədlə iştirak etməsi lazımdır. Bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı açıqlama verib.

Onun sözlərinə görə, müxalifətin pərakəndə, parçalanmış vəziyyətə düşməsi bu düşərgənin ziyanınadır. Lakin Rüstəmxanlı eyni zamanda müxalifətin vahid namizədinin müəyyənləşməsinin də mümkün olmadığını düşünür.

"Azərbaycan reallıqlarında müxalifətin vahid namizədinin olması mümkün deyil. Ona görə də bəri başdan kimisə güzəştə getməyə, bu ideyanı reallaşdırmağa məcbur etmək düzgün deyil. Çünki onsuz da vahid namizəd olmayacaq. Bu baxımdan vahid namizəd iddiası ilə ortaya çıxmaq real deyil" - deyə Rüstəmxanlı qeyd edib.

O əlavə edib ki, VHP-nin bu ilin oktyabrında keçiriləcək qurultayında gələnilki seçkilər barədə müzakirələr aparılacaq və partiyanın seçkidə iştirakına qərar veriləcək. Özünün namizəd olub-olmayacağı barədə isə Rüstəmxanlı hələ düşünür.

VHP Milli Azadlıq Hərəkatının liderlərindən olan Rüstəmxanlının rəhbərliyi altında 1992-ci ildə yaradılıb. Partiyanın sədri millət vəkili, xalq şairi Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti