...

İrandan Azərbaycana külli miqdarda narkotika keçirilməsinin qarşısı alınıb

Siyasət Materials 18 İyul 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ İyulun 13-də Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonu Zəhmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində altı qaçaqmalçının İrandan Azərbaycana külli miqdarda ağır tərkibli narkotik vasitə keçirməsinin qarşısı alınıb. DSX-nin mətbuat xidmətindən çərşənbə günü Trend ə verilən məlumata görə, keçirilən tədbir zamanı İran vətəndaşları olan sərhəd pozucuları silahlı müqavimət göstəriblər. DSX əməkdaşlarının çevik hərəkətləri nəticəsində cinayətkarlar narkotik vasitələri ataraq, hadisə yerindən qaçmağa cəhd göstəriblər. Ancaq onlardan ikisi 2 avtomat silah, 128 patron, ABŞ istehsalı olan gecəgörmə cihazı, mobil telefon və radiaostansiya ilə yaxalanıb. Digər qaçaqmalçılar isə İran ərazisinə qaçıblar.

Əraziyə baxış zamanı cinayətkarlara məxsus 35 kq (kisələrə qablaşdırılmış 33 kq həşiş və 2 kq kristal şəkildə heroin) narkotik maddə aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti