...

Baş katib: GUAM milli koordinatorları uzadılmış münaqişələr barədə qətnamə layihəsinin BMT-nin müzakirəsinə çıxarılması ilə bağlı məsələni müzakirə edəcəklər

Siyasət Materials 24 İyul 2007 18:11 (UTC +04:00)
Baş katib:  GUAM milli koordinatorları uzadılmış münaqişələr barədə qətnamə layihəsinin BMT-nin müzakirəsinə çıxarılması ilə bağlı məsələni müzakirə edəcəklər

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ GUAM təşkilatı ölkələrindəki uzunmüddətli münaqişələr haqqında qətnamə layihəsinin BMT Baş Assambleyasının müzakirəsinə çıxarılması məsələsinə sentyabr ayının əvvəlində Kiyevdə baxıla bilər.

Sentyabr ayının birinci dekadasında Kiyevdə "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM" (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatı ölkələrinin milli koordinatorlarının növbəti toplantısı təyin olunub. Bu barədə çərşənbə axşamı telefonla Kiyevdən GUAM-ın baş katibi Valeri Çeçelaşvili məlumat verib.

Dnestryanı, Dağlıq Qarabağ, gürcü-abxaz problemləri haqqında qətnamə layihəsi 2006-cı ilin sonunda hazırlanaraq BMT Baş Assambleyasının gündəliyinə çıxarılmışdı. Lakin sonra elə GUAM nümayəndələrinin özləri tərəfindən bu məsələ gündəlikdən çıxarılıb.

"Biz layihəni tərəfdaşlarımızla məsləhətləşmələrdə razılaşdırmaqda davam edirik. Bizim aramızda məzmun razılaşdırılıb, amma hər bir ölkə bu qətanamənin xeyrinə bizim tərəfdaşlarımızdan mümkün qədər çox dəstək alınması üçün öz səylərini səfərbər edib", - deyə Çeçelaşvili söyləyib.

Bu qətnamə layihəsinin BMT Baş Assambleyasının müzakirəsinə çıxarılması barədə məlumatlara öz rəyini ifadə edərkən GUAM baş katibi qeyd edib ki, hələ ki, tərəflər bu cür qərar qəbul etməyiblər.

GUAM formatı postsovet ölkələri tərəfindən 1997-ci ildə Strasbuqrda, Avropa İttifaqı dövlət başçılarının sammitində MDB-yə alternativ olaraq yaradılıb. 1999-cu ildə Özbəkistan formata daxil olsa da, 4 il sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə keçirilən ilk sammitdə GUAM-ı yeni- "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" adı altında beynəlxalq təşkilat elan etmək barədə qərar qəbul olunub. 18-19 iyun Bakıda keçirilən GUAM sammitində əsas müzakirə mövzularınadan biri GUAM sülhməramlı batalyonunun yaradılması olub.

Xəbər lenti

Xəbər lenti