...

Tacikistan prezidentinin Azərbaycana səfərinin tarixi müəyyənləşib

Siyasət Materials 27 İyul 2007 14:30 (UTC +04:00)
Tacikistan prezidentinin Azərbaycana səfərinin tarixi müəyyənləşib

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ Cümə günü Düşənbədən Tacikistan Xarici İşlər Nazirliyindən telefonla Trend ə verilən məlumata görə, Tacikistan prezidenti İmaməli Rəhmonun Azərbaycana rəsmi səfəri avqustun 13-14-nə planlaşdırılıb.

Bu, Azərbaycan-Tacikistan dövlətlərinin münasibətləri tarixində ilk dəfə olaraq Azərbaycan prezidenti İlham Əliyevin martın 15-16-sı baş tutan Düşənbə səfərinə cavab xarakteri daşıyır. Hazırda yüksək səviyyədə keçiriləcək danışıqların yekunları əsasında imzalanacaq sənədlərin və səfər proqramı layihəsinin hazırlanma prosesi gedir. XİN-dən verilən məlumata görə, iqtisadiyyat, maliyyə, mədəniyyət və digər sahələri əhatə edəcək doqquz ikitərəfli sənəd layihəsi hazırlanır. Tacikistan XİN-dən həmçinin bildiriblər ki, səfərin gündəliyinin tam olaraq hazırlanması və sənədlər layihəsinin hazırlanma prosesini başa çatdırmaq məqsədilə avqustun birinci ongünlüyündə başda xarici işlər nazirinin müavini olmaqla tacik nümayəndə heyətinin Bakıya səfəri gözlənilir.

Əliyevin Düşənbəyə mart ayında baş tutan səfəri zamanı Azərbaycan və Tacikistan arasında əməkdaşlığa dair müqavilə imzalanıb, Müqavilədə ikitərəfli əlaqələrin müttəfiq xarakteri və rəsmi Düşənbə tərəfindən Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin pozulmazlığının sözsüz olaraq dəstəklənməsi qeyd olunur.

Bundan əlavə, investisiyaların genişləndirilməsi, nəqliyyat rabitəsi, turizm, vizasız nəqliyyat, gömrük və humanitar əməkdaşlıq sahəsində ikitərəfli əlaqələri nizamlayan 10 müqavilə imzalanıb. Tərəflər həmçinin iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması barədə razılığa gəliblər. Bu komissiya müqavilənin icrasına nəzarəti həyata keçirəcək. Həmçinin səfirliklərin açılması və Tacikistan prezidenti İmaməli Rəhmonun 2007-ci ilin sonlarına qədər Azərbaycana cavab səfərinin baş tutması barədə razılığa nail olunub.

Xəbər lenti

Xəbər lenti