...

Dinşünas: "Bənəzir Bhuttonun yenidən hakimiyyətə qayıtması Pakistandakı qarşıdurmaların aradan qaldırılmasına heç bir təsir göstərməyəcək"

Siyasət Materials 31 İyul 2007 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Pakistanda hökumət dəyişikliyinin baş verməsi və keçmiş baş nazir Bənəzir Buhuttonun yenidən hakimiyyətə qayıtması bu ölkədə dini müstəvidə yaranan qarşıdurmaların aradan qaldırılmasına heç bir təsir göstərməyəcək. Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin (DEVAMM) sədri, dinşünas İlqar İbrahimoğlu bildirib ki, Pakistanda baş verən proseslərin əsas səbəblərindən biri ölkədə vətəndaş cəmiyyətinin və demokratiyanın lazımı səviyyədə inkişaf etməməsidir. Onun fikrincə, bu məsələnin hazırda baş verən proseslərə böyük və ciddi təsiri var.

"Pakistan rəhbərliyi baş verən hadisələrin arxasınca gedir. Belə bir təəssürat yaranır ki, rəsmi İslamabad bu proseslərin qarşısını almaq üçün təsir imkanlarını itirib. Bu da bir gün ərzində yaranmış vəziyyət deyil. Pakistanda yaranmış və möhkəmlənmiş vəhabilik virusu var və bu təhlükəli cərəyan indi cəmiyyətdə təzahür edir. Bu, Əfqanıstanda, Çeçenistanda baş verən hadisələrin məntiqi davamıdır", -deyə İbrahimoğlu əlavə edib.

Onun fikrincə, Pakistanda normal, intlektual vətəndaş cəmiyyətinin formalaşması baxımından islamın inkişafına önəm verilməyib, bəzi hallarda isə buna sərt münasibət olub: "Bunun nəticəsində hazırda müşahidə olunan radikallaşma, ekstrimist cərəyanların cəmiyyətdə dominatlıq etmələri meydana gəlib. Bu baxımdan bizim Pakistanda müşahidə etdiyimiz proseslər xarakterik bir haldır".

Mərkəz sədri vurğulayıb ki, Əfqanıstan, Çeçenistan, İraq və Pakistanda mövcud olan belə radikal ünsürlər yaxın gələcəkdə Səudiyyə Ərəbistanın özündə də meydana çıxa bilərlər. İbrahimoğlu qeyd edib ki, belə mənfi halların qarşısını almaq üçün müsəlman ölkələri öz seçimlərini etməlidirlər, korrupsiyadan qurtulmalı, seçkiləri demokratik və azad keçirməli, təxirəsalınmaz islahatlar həyata keçirməlidirlər: "Hökumətlər bu proseslərin və sivil düşüncəli inanclı insanların qarşısını almaqla cəmiyyətdə radikal və ekstremist cərəyanların meydana gəlməsi üçün tam münbit şərait yaradırlar".

Hazırda Böyük Britaniyada məcburi mühacirət həyatı yaşayan Pakistanın sabiq baş naziri Bənəzir Bhutto bir müddət əvvəl bildirib ki, əgər ölkəyə qayıdıb seçkilərdə iştirak edə və bunun nəticəsində hakimiyyətə gələ bilsə, dini ekstrimist qüvvələrə qarşı ciddi mübarizə aparacaq və bununla bağlı hazır proqramlara malikdir. Pakistan prezidenti Pərviz Müşərrəf isə bir neçə gün əvvəl gözlənilmədən Səduiyyə Ərəbistanında Bhutto ilə görüşüb.

İbrahimoğlunun fikrincə, hazırda baş verənlər Müşərrəf dövrünün problemləri deyil. O vurğulayıb ki, 20-ci əsrin sonlarında Əfqanıstanda vəhabiliyin yaranmasının arxasında Pakistan dayanırdı. Bu gün isə həmin dəstək bumeranq effekti verir və Pakistanın özünə qarşı yönəlir. Bu isə onu göstərir ki,müvəqqəti uğurlar üçün olsa belə, hər hansı radikal cərəyana dəstək vermək olmaz: "Ona görə də hesab edirəm ki Müşərrəflə Bhuttonun müzakirə edəcəkləri kifayət qədər məsələ var. Çünki onlardan birinin bu radikal cərəyanların əmələ gəlməsində, digərinin isə inkişaf etməsində böyük rolu olub. Bu problemin qarşısını yalnız maarifçilik və ideloji təbliğatla almaq olar. Repressiyalar bu cür halları daha da gücləndirəcək".

Xəbər lenti

Xəbər lenti