...

Gürcüstan prezidenti dünya birliyini Rusiyanın hərəkətinə adekvat reaksiya verməyə cağırıb

Siyasət Materials 8 Avqust 2007 11:01 (UTC +04:00)
Gürcüstan prezidenti dünya birliyini Rusiyanın hərəkətinə adekvat reaksiya verməyə cağırıb

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstan prezidenti beynəlxalq ictimaiyyəti Rusiya tərəfindən ölkəsinə qarşı törədilən bu cür təcavüz aktlarına adekvat reaksiya verməyə çağırıb. "Gürcüstanı bombalayırlar, lakin buna cavab verilmir. Nə vaxta kimi belə hərəkətlərə dözmək olar?" - deyə Saakaşvili Gürcüstanda akreditə olunmuş diplomatlar qarşısında Tsitelubani kəndində bəyan edib.

Prezident diplomatlarla Rusiya təyyarələrinin raket zərbəsi endirdikləri yerdə görüşüb. Saakaşvili Avropanı Rusiya ilə bağlı vahid siyasət hazırlamağa çağırıb. "Rusiyanın gələcəyi ilə bağlı da düşünmək lazımdır. Çünki bu cür insidentlər sivil dünyada baş verməməlidir" - deyən Saakaşvili qeyd edib ki, Gürcüstanın bəxti gətirib ki, ölən və yaralanan olmayıb. Lakin eyni zamanda o bildirib ki, həmişə belə bəxt gətirməyəcək.

Saakaşvili qeyd edib ki, təcavüz aktı Gürcüstandakı vəziyyətin pozulmasına yönəlib, məqsəd müxtəlif siyasi qüvvələr arasında qarşıdurmanın yaranması olub. "Güman olunur ki, bu, cəmiyyətdə panika yaradacaq və nəticədə bütün bunlar mövcud siyasi kursun dəyişməsinə gətirib çıxaracaq. Bizim cavabımız isə onların gözləmədiyi sakitlik və birlik olub. Cavabımız ölkənin daha sürətli templərlə inkişafı olacaq. Halbuki bu gün də yaxşı templərlə inkişaf edirik" - deyə Gürcüstan lideri vurğulayıb.

Saakaşvili qeyd edib ki, Rusiya zəif tərəf mövqeyindən çıxış edib və heç kim düşünməsin ki, çoxmillətli gürcü dövlətini diz çökdürmək mümkün olsun. "Gürcüstan bu gün güclü dövlətdir və biz müstəqillik naminə belə aktlara, bundan min dəfə çox qorxulu sınaqlara dözə bilərik. Heç kim bizi inkişaf və sülh yolundan döndərə bilməz" - deyən prezident qeyd edib ki, Gürcüstanın üstündə ilahi qüvvə durur və ona görə də həmin raket partlamayıb .

Xəbər lenti

Xəbər lenti