...

Müxalifətyönlü partiyanın sədri seçki dövrü müddətinin azaldılmasının tərəfdarıdır

Siyasət Materials 27 Avqust 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Azərbaycanda seçki dövrü müddətinin azaldılmasının tərəfdarıdır. Bu barədə Rüstəmxanlı bazar ertəsi Trend ə açıqlamasında bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov Azərbaycanda seçki təbliğatının 4 aydan 2 aya endirilməsini təklif edir. O, bu fikrini dünyada mövcud təcrübə ilə əsaslandırır.

Seçki Məcəlləsinin 8.1-ci maddəsinə görə, seçkilər səsvermə gününə azı 120 gün qalmış elan edilir. 75.2-ci maddəsinə əsasən, səsvermə gününə 60 gün qalmış isə namizədlərin seçkiqabağı təşviqatına başlanılır, səsvermənin başlanmasına 24 saat qalmış təbliğat prosesi dayandırılır.

Rüstəmxanlı bildirib ki, həqiqətən də seçki prosesinə 4 ay vaxt sərf olunması xeyli çoxdur. O hesab edir ki, seçkiyə hazırlıq üçün optimal müddət tapılmalıdır. Onun fikrincə, ölkədə hər il bir və ya bir neçə seçki keçirildiyini nəzərə alsaq, ilin yarısının seçki təbliğatına həsr olunması düzgün deyil.

Amma eyni zamanda VHP sədri əlavə edib ki, seçki təbliğatı namizədlərə bir çox imkanlar yaratdığı üçün onlar üçün çox vacib bir prosesdir. Həmin dövrdə mətbuat onlar üçün açıq olur, namizədlərin toxunulmazlıq hüququ olur. Bu da namizədlərə öz imkanlarını, niyyətlərini seçicilərə təqdim etməsinə şərait yaradır: "Həmçinin seçkinin təbilğat dövrü demokratikləşmənin istiaqəmtlərindən biridir. Bu baxımdan seçki təbliğatı həm də ölkədə ümumi ab-havanı dəyişdirən prosesdir" - deyə Rüstəmxanlı əlavə edib.

Müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyasının sədri Milli Məclisin deputatıdır. Rüstəmxanlı 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti