Belçika, Brüssel / Trend , müxbir A. Məhərrəmli/ "Avropa təcrübəsini bölüşmək istəyən ölkələr Avropanın davranış məcəlləsinə də əməl etməlidirlər ki, burada Azərbaycanın məruz qaldığı işğal və etnik təmizləmə anlayışlarına yer yoxdur" - deyə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
Ermənistan və Gürcüstan XİN rəhbərlərinin də qatıldığı Avropa Qonşuluq Siyasətinə həsr olunmuş konfransda iştirak edən Məmmədyarov qeyd edib ki, böyük əməkdaşlıq potensialının olmasına baxmayaraq, regionda həll olunmamış münaqişələr, hər cür formada terrorizm, qaçaqmalçılıq və narkotika ilə bağlı məsələlər hələ də mövcuddur.
"Bu cür təhlükələr lazımi resursları məhv edir, iqtisadiyyatı sarsıdır, regionda əməkdaşlığa əngəl törədir" - deyə nazir bildirib.
Azərbaycan XİN rəhbərinin sözlərinə görə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi, terrorizm və təcavüzkar separatçılığa qarşı mübarizə, dövlətin ərazi bütövlüyü prinsipinə hörmət etməklə münaqişələrin həll edilməsi region üçün vacibdir. Bu mənada Avropa Qonşuluq Siyasəti ölkələri, AB ölkələri və bütün dünya birliyi daha da cəsarətli olmalıdır.
Məmmədyarov bildirib ki, Azərbaycan Avropa Qonşuluq Siyasətini iqtisadi, sosial və siyasi baxımdan rəqabət qabiliyyətini artırmaq üçün çox şeylər vəd edən bir imkan hesab edir.
"Biz demokratiya, insan hüquqlarının müdafiəsi və əsas azadlıqlar məsələlərinə böyük önəm veririk" - deyə azərbaycanlı nazir bildirib və ədalət məhkəməsi, azadlıq və təhlükəsizlik üzrə üçüncü alt komitənin fəaliyyti ilə bağlı Azərbaycan hökumətinin təklifini Avropa Birliyinə çatdırıb.