...

Sənət adamları oruc tuturlarmı?

Cəmiyyət Materials 13 Sentyabr 2007 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr / " , müxbir Günel Əhmədova/

Müqəddəs Ramazanda, iş qrafikinə görə, ən az oruc tutanların sənət adamları olduğunu desək, yanılmarıq. "TrendLife"-ın sorğusunun nəticələri belə deməyə əsas verir.

Müğənni Nüşabə Ələsgərli, ümumiyyətlə, oruc tutub, namaz qılmadığını etiraf etdi. Onun fikrincə, buna mane olan müğənninin təzyiqinin aşağı olmasıdır: "Adi günlərdə belə təzyiqimdən əziyyət çəkirəm. Həkimin məsləhəti ilə müqəddəs ayın tələblərinə riayət edə bilmirəm. Amma çalışdığım qədər kasıba əl tuturam".

"Bakılı oğlanlar"ın üzvü Tahir İmanov mövzu ilə bağlı geniş danışmaq istəmədi. Allahın qarşısında etdiyi yaxşı əməllərin reklama ehtiyacı olmadığını söyləyən T.İmanov "oruc tuturam" dedi.

Konsert təşkilatçısı Nahid Emiloğlu da oruc tuta bilməyən sənətçilərin siyahısındadır. Eyni səbəblə çıxış edən təşkilatçı səhhətinin buna imkan vermədyini qeyd etdi. Daim səfərlərdə və gərgin iş rejimində olan Nahid bəy mümkün qədər xeyirxahlıqlar etdiyini söylədi.

Aktirsa Firəngiz Mütəllibova- vaxtilə oruc tutub, müqəddəs ayın namazlarını qılmışam - dedi. "Amma səhhətim indi buna imkan vermir ki, bütün ayı oruc tutum. Ayın yalnız bir-iki gününü oruclu oluram. Çünki baş ağrılarım çox olur və dərman qəbul etmək məcburiyyətində qalıram. Amma hər il dualarımı edir, yaxşı əməllərin sahibi olmağa çalışıram".

Müğənni İradə İbrahimova oruc tutmasa da, onun qarşılığını xeyirxah əməlləri ilə verdiyini söylədi. Sənətçi xanımın fikrincə, onun oruc tutmasına sıx yaradıcılıq qrafiki mane olur. Hər gün avtomobil arxasında olan müğənni müqavimətini qorumağa çalışdığını söylədi:

"Eyni zamanda, tədbirlərdə oluram, proqramlarda çıxış edirəm. Yaradıcılıq görüşlərim olur. Bunların hamısı yüksək enerji tələb edir. Amma bunun əvəzini yaxşı əməllərimlə çıxarmağa çalışıram. Yəni, ətrafımda oruc tutan insanlara iftar süfrələri açır, müqəddəs ayın dualarını edirəm. Həmin ay və digər günlərdə uşaq evlərinə baş çəkir, azyaşlı kimsəsizlərlə görüşürəm. İmkan daxilində, kasıblara da əl tuturam".

Xalq artisti Afaq Bəşirqızı məsələyə bu cür yanaşdı: "Həmin ayın müqəddəsliyi həm də "Qurani-kərim"in nazil olmasındadır. Ramazan ayının buyurduğu əməllərə riayət hamının borcudur. Mənə gəlincə, özümü dindar hesab edirəm, amma fanat deyiləm. Namazımı qılıram, orucumu tuturam və dualarımı edirəm. İnsanlar 30 gündə mənən təmizlənir, günahlarından azad olur, xeyirxahlıq barədə düşünürlər. Bu, Allah-taalanın bizlərə verdiyi ən gözəl nemətdir. Çalışdığımız qədər onun buyurduqlarına əməl etməliyik".

Allaha cox inandığını deyən Tünzalə Ağayeva, nəinki müqəddəs Ramazan bayramında, adi günlərdə də ibadətlə məşğul olur. Hər ilin bir ayını oruc tutur, müqəddəs yerləri ziyarət edir. Tünzalə xanım bu gündən oruc tutmağa başlayıb.

Baxmayaraq ki, Xatirənin başı indi qalmaqaldadır, o, mütləq oruc tutacağını dedi. Amma səhhəti imkan vermədiyi üçün, bütün ay boyu oruc tuta bilmir: "Miqrendən əziyyət çəkdiyim üçün bütün Ramazan ayı boyu otuc tuta bilmirəm" .

Namaz qılmadığını deyən Xatirə, hələ ki, özünü buna hazır hesab etmir.

Xəbər lenti

Xəbər lenti