...

Gəncə Yol Polisi Şöbəsi rəisinin ölümündə təqsirləndirilən şəhər sakinin səhhətində problem yaranıb

Cəmiyyət Materials 17 Sentyabr 2007 17:58 (UTC +04:00)

Azərbaysan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Gəncə Şəhər Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə təqsirləndirilən Zabit Kazımovun valideynləri övladlarına aclığı dayandırması üçün müraciət edib.

Bu barədə Trend ə bazar ertəsi Zabit Kazımovun atası Eldar Kazımov məlumat verib.

Kazımov bildirib ki, sonuncu məhkəmə prosesində övladları ilə görüşəndə onun səhhətində ciddi problem olduğundan xəbər tutublar. Prosesdən sonra valideynlər Kazımovun saxlandığı Gəncədəki 2 saylı İstintaq Təcridxanasının rəisi Firdovsi Niftəliyevə müraciət edərək aclığı dayandırması üçün rəisin övladları ilə görüşməsini xahiş ediblər. Lakin bu günədək təcridxana rəisi Kazımovun valideynlərinə övladlarının səhhəti barədə məlumat verməyib.

Eldar Kazımov bildirib ki. Oğlunun mədəsində xora var və onun aclıq etməsi səhhətində ciddi problem yarada bilər.

Zabit Kazımov işinə Gəncə şəhər Apellyasiya Məhkəməsində baxılmasına etiraz olaraq aclığa başlayıb. Kazımov məhkəmənin ona münasibətdə qərəzli olduğunu və zərərçəkmişin, prokurorluğun maraqlarını müdafiə etdiyini iddia edir.

Apellyasiya Məhkəməsindən bildirilib ki, təqsirləndirilənlər Zabit Kazımov və Pərviz Məmmədovun barəsində çıxarılan məhkəmə hökmü ilə razılaşmayan prokuror cəzanın ağırlaşdırılmasını xahiş edir. İş üzrə çıxarılan hökmdən zərərçəkmiş tərəf də apellyasiya şikayəti verib.

İş üzrə növbəti proses sentyabrın 21-də keçiriləcək.

Kazımov istintaqda Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə ittiham olunurdu.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə isə onun əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi il tövsif edərək Kazımovu 3 il müddətində azadlıqdan məhrum edib. Digər təqsirləndirilən Məmmədov isə 2 il şərti azadlıqdan məhrum edilərək məhkəmə zalından azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti