...

Komitə sədri: "Bəzi ölkələr Azərbaycanda özlərinin dini dövlət modelini tətbiq etmək istəyirlər"

Cəmiyyət Materials 27 Sentyabr 2007 17:39 (UTC +04:00)
Komitə sədri: "Bəzi ölkələr Azərbaycanda özlərinin dini dövlət modelini tətbiq etmək istəyirlər"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bəzi ölkələr Azərbaycanda özlərinin dini dövlət modelini tətbiq etmək istəyirlər. Bu barədə cümə axşamı Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

"Azərbaycanda dini dövlət yaratmaq meylləri müşahidə olunur. Amma bunu istəyən dini qruplar tam olaraq uğursuzluğa düçar olunublar. Həmin qrupların heç bir perspektivi yoxdur. Azərbaycan dünyəvi dövlətdir və həmişə dünyəvi dövlət olaraq qalacaq", - deyə Orucov bildirib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda bəzi məscidlər xarici ölkələrin təsiri altındadır. Komitə sədri həmin məscidləri və hansı ölkələrin təsiri altında olduğunu açıqlamayıb: "Biz həmin məscidlərlə işləyirik, onlara iradlar tuturuq. Həmin məscidlərdə fəaliyyət göstərən dini icmalarla bağlı ciddi tədbirlər görülür. Artıq onlar zəifləyiblər və əvvəlki gücə malik deyillər".

Komitə sədri onu da vurğulayıb ki, Azərbaycanda dini sahədə müəyyən məqamlar narahatlıq doğurur. Lakin dövlət üçün ciddi təhlükə yoxdur: "Bəzi qeyri-ənənəvi radikal qruplar və onların arasında ekstremist meylli insanlar var. Onlar etiqad etdikləri təriqətə xüsusi status tələb edirlər, özlərini başqalarına qarşı qoyurlar. Lakin onların nəyəsə nail olmaq üçün göstərdikləri cəhdlər heç bir nəticə verməyəcək".

Xəbər lenti

Xəbər lenti