...

Dövlət Komitəsinin sədri: "Son bir ildə Azərbaycanda gender bərabərliyi qorunub"

Cəmiyyət Materials 8 Oktyabr 2007 12:45 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Son bir ildə Azərbaycanda gender bərabərliyi qorunub"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Son bir il ərzində Azərbaycanda qadınların dövlət qurumlarında təmsilçiliyi artıb, 88 dövlət təşkilatında və rayon icra hakimiyyətində gender məsələləri ilə məşğul olan məsul şəxslər təyin edilib. Bu məlumatı bazar ertəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gender bərəbərliyinin təmin edilməsi barədə" qanunun qəbul olunmasının bir illiyinə həsr edilmiş konfransda açıqlayıb.

Komitə sədrinin sözlərinə görə, qanun qəbul olunandan sonra Azərbaycan cəmiyyətində gender balansı qorunub, qadınların qərar qəbul etmə prosesində iştirakı artıb. Həmçinin qadın sahibkarların sayında artım müşahidə olunur.

Millət vəkili Rəbiyyət Aslanova bildirib ki, qadınların sahibkarlıqla məşğul olmasına daha geniş imkan yaradılması üçün nazirliklər qarşısında tələblər qoyulmalıdır. Onun sözlərinə görə, qadınların cəmiyyətdə fəallaşmasına kişilərin eqoizmi və həmrəyliyi mane olur.

"Kişi məmurlar çox zaman qadınların bilik və bacarığına şübhə ilə yanaşır, sanki qadınların hüquqlarının təmin olunmasından qorxurlar" - deyə xanım millət vəkili bildirib.

Millət vəkili Hadı Rəcəbli bildirib ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarında təmsil olunan, onları yaradan qadınların sayı dövlət qurumlarından çalışan qadınlardan çoxdur:

"Bu isə qadınların bacarığını göstərir".

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova məlumat verib ki, qadınların hüquqlarının artırılması, gender bərabərliyinin qorunması üçün Azərbaycanın 11 qanununa ("Təhsil haqqında", "Siyasi partiyalar haqqında", "QHT-lər haqqında", "Həmkarlar ittifaqı haqqında", Cinayət Məcəlləsi, Əmək Məcəlləsi və s.) əlavə və dəyişikliklər edilib.

Gender bərabərliyi haqda qanunun bir illiyinə həsr olunmuş konfransda "Zorakılığa yox deyək" adlı bukletin təqdimatı olub.

Xəbər lenti

Xəbər lenti