...

Vatikanın Dövlət katibi Bakıda Azərbaycanla əməkdaşlığın perspektivlərini müzakirə etmək niyyətindədir

Cəmiyyət Materials 7 Noyabr 2007 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva / Vatikanın Dövlət katibi Tarçizio Bertonenin Bakıya rəsmi səfərinə hazırlıq görülür. Səfər zamanı Dövlət katibi Bakıda Azərbaycanla siyasi əməkdaşlığın perspektivlərini müzakirə etmək niyyətindədir. Bu barədə çərşənbə günü Trend ə Roma katolik kilsəsinin Azərbaycandakı nümayəndəsi Yan Çapla məlumat verib.

O bildirib ki, Dövlət katibinin səfəri 2008-ci ilin fevral ayında gözlənilir. Çapla əlavə edib ki, Roma Papasının Cənubi Qafqaz üzrə təmsilçisi Klaudio Quceretti bu günlərdə Bakıda Dövlət katibinin gözlənilən səfərinə hazırlıq üzrə danışıqlar aparıb. Bertone regiona səfərinə Azərbaycandan başlayacaq, daha sonra Gürcüstan və Ermənistana yollanacaq.

Bakıya səfər zamanı Dövlət katibi Azərbaycan rəhbərliyi və ruhaniləri ilə Azərbaycan və Vatikan arasında əməkdaşlığın inkişafı məsələləri üzrə danışıqlar aparacaq. Dövlət katibinin Azərbaycana səfəri çərçivəsində, Bakının Nobel prospektində (Nobel prospekti10) katolik kilsəsinin açılışında iştirak edəcəyi gözlənilir. Kilsənin tikintisini Roma katolik kilsəsi maliyyələşdirib.

Bu gün Azərbaycanın katolik icmasının 250 nəfərə yaxın üzvü var, Azərbaycana gələn və burada işləyən xarici katoliklərin sayı da bir o qədərdir.

Xəbər lenti

Xəbər lenti