...

Mətbuat Şurası Qənimət Zahidovun həbsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcək

Cəmiyyət Materials 12 Noyabr 2007 12:30 (UTC +04:00)
Mətbuat Şurası Qənimət Zahidovun həbsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcək

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurası "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun həbsi ilə əlaqədar Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət edəcək. Bu barədə bazar ertəsi Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Amaşovun sözlərinə görə, Zahidovun həbsi Mətbuat Şurasını ciddi narahat edir. "Çünki Qənimət Zahidov jurnalist olmaqla bərabər, Azərbaycanda tanınan qəzetlərdən birinin baş redaktorudur. Bundan əlavə o, Azərbaycan Mətbuat Şurasının yaradılmasında Təşkilat Komitəsinin üzvü kimi yaxından iştirak edib, Şuranın İdarə Heyətinn üzvü seçilib. Hazırda isə ehtiyat üzvdür. Bütün bunları nəzərə alaraq məsələyə laqeyd qalmaq mümkünsüzdür" - deyə Amaşov bildirib. Onun sözlərinə görə, Mətbuat Şurası Zahidovun həbsinin ədalətli, qanun çərçivəsində araşdırılması üçün əlindən gələni edəcək, bu məqsədlə ilk növbədə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət ünvanlayacaq.

"Məsələ Mətbuat Şurasının ciddi nəzarətindədir" - deyə Amaşov bildirib.

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda ittiham olunaraq Bakının Yasamal rayon məhkəməsinin ötən gecə çıxardığı qərarla iki ay müddətinə həbs edilib.

Əgər ittihamlar sübut olunarsa, baş redaktoru 3 ilə qədər həbs gözləyir.

Zahidov həbsini özünə qarşı hazırlanmış təxribat kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti