...

Məhkum jurnalistlər bu gündən aclıq aksiyasına başlayıb

Cəmiyyət Materials 23 Noyabr 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Məhkum jurnalistlər bu gündən aclıq aksiyasına başlayıb. Penitensiar Xidmətdən cümə günü Trend ə bildirilib ki, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalistlər - "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit və "Nota bene" qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu bu gün səhərdən aclığa başlayıblar. Onlar bu barədə müəssisə rəhbərliyinə ərizə ilə müraciət ediblər.

Penitensiar Xidmətdən jurnalistlərin aclıq aksiyasına başlamasının səbəbni açıqlamayıblar.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ötən gün yaydığı məlumatda isə jurnalistlərin müddətsiz aclıq aksiyasına başladıqları xəbər verilir. Aksiyaya səbəb azad mətbuata qarşı aparılan təzyiqin güclənməsidir. RATİ bildirib ki, jurnalistlərə Rustaveli Quliyev də qoşulub. Aksiya iştirakçıları Azərbaycan ictimaiyyətinə, siyasi təşkilatlara, media qurumlarına və beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinə müraciət ünvanlayıblar. Müraciətdə Azərbaycanda azad sözün təhlükədə olduğu göstərilib.

Sakit satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayətində təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Fərəməz Novruzoğlu (Allahverdiyev) Daxili İşlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iddiaları əsasında böhtan və təhqir cinayətlərində təqsirli 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı səkkiz jurnalist həbsdədir. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərində ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti