...

Penitensiar Xidmət həbsdə olan jurnalistlərlə bağlı monitorinq keçirilməsinə etiraz etmir

Cəmiyyət Materials 29 Noyabr 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həbsdə olan jurnalistlərin saxlanma şəraitinin yoxlanması üçün həbsxanada monitorinq keçirilməsinə etiraz etmir. Bu barədə cümə axşamı Trend ə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov açıqlama verib. Noyabrın 22-dən aclığa başlayan məhkum jurnalistlər -- Fərəməz Novruzoğlu və Sakit Zahidov, saxlandıqları 14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin məsuliyyətə cəlb olunaraq, vəzifədən azad olunmasını tələb edirlər. Bu barədə həbs olunmuş jurnalist Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova cümə axşamı keçirdiyi mətbuat konfransında məlumat verib.

Mətbuat konfransında aclıq edən jurnalistlər Mirzə Sakit və Fərəməz Novruzoğlunun ictimaiyyətə və məmurlara ünvanladığı birgə məktubu oxunub.

Onlar məktublarında bildirirlər ki, ədliyyə naziri Fikrət Məmmədov, penitensiar Xidmətin rəisi Nazim Ələkbərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov və Ombudsman Elmira Süleymanova ilə görüş istəyirlər. Həmin şəxslərin, həmçinin KİV nümayəndələrinin, hüquq müdafiəçilərinin iştirakı ilə 14 saylı müəssisədə monitorinq keçirilməsini tələb edirlər.

"Görüş zamanı onlara verəcəyimiz faktlar təsdiqini taparsa, müəssisənin rəhbərliyinə daxil olan şəxslərin vəzifədən azad olunmasını tələb edirik. Əks halda, aclığı davam etdirəcəyik",- deyə məktubda bildirilir.

Məhkum jurnalistlər 14 saylı müəssisədə onlara mənəvi-psixoloji işgəncə verildiyini deyir, həmçinin, görüşlərin məhdudlaşdırılmasından və saxlanma şəraitindən şikayətlənirlər. Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə daxil olan şəxslərdən - Ərşad Həsənov, Nazim Kəngərli, Natiq Hacıyev, Əlizamin Quliyevdən şikayət edərək, onların vəzifələrindən uzaqlaşdırılmasını tələb edirlər.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sadıqov Trend ə açıqlamasında deyib ki, 14 saylı müəssisədə hüquq müdafiəçiləri dəfələrlə monitorinq aparıb, lakin cəzaların icrası və çəkilmə qaydalarına riayət olunduğunu müşahidə ediblər: " Hüquq müdafiəçiləri yenidən monitorinq aparmaq istəsələr, biz etiraz etməyəcəyik"-deyən Sadıqov 14 saylı müəssisədə məhkumlarla pis rəftar olunması barədə deyilənləri də təkzib edib.

Sakit Zahidov məhkəmənin hökmü ilə "qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama" cinayətində təqsirli bilinərək, 3 il,Fərəməz Novruzoğlu "böhtan və təhqir" cinyətlərində təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti