...

Bir çox xarici dövlətlər öz dövlət- din modelini Azərbaycanda tətbiq etmək istəyir - Komitə sədri

Cəmiyyət Materials 7 Dekabr 2007 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanda dini siyasiləşdirmək istəyən, onun ayrı-ayrı qüvvələrin, şəxslərin mənafeyinə xidmət etməsinə səy göstərən qüvvələr var. Bunu cümə günü 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün "Dövlət-din münasibətləri" mövzusunda mühazirəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Baş İdarəsi ilə birgə məhkumlar arasında dini təbliğatın aparılması məqsdilə layihə həyata keçirir. Layihə çərçivəsində bütün cəzaçəkmə müəssisələrində məhkumlara dövlət-din münasibətləri, dinin əsasları barədə mühazirələr oxunur.

Orucov bildirib ki, ölkədəki dini etiqad azadlığının təmin olunmasından sui-istifadə edən qüvvələr dini siyasiləşdirmək istəyirlər. "Hətta ölkədə bəzi xarici ölkələrə, onların siyasətinə qulluq etmək meyilləri də var. Bir çox xarici dövlətlər öz dövlət-din modelini Azərbaycanda tətbiq etmək istəyirlər. Azərbaycan cəmiyyəti bu idxalı qəbul etmir" - deyə Komitə sədri vurğulayıb.

Komitə sədri son vaxtlar ölkədə qeyri-ənənəvi, radikal, ekstremist-terrorçu qrupların fəaliyyətinin güclənməsindən narahatlıq bildirib.

Radikal dini təriqətlərin əhalinin kasıb təbəqəsinin nümayəndələrinin müxtəlif şirnikləndirici vasitələrlə öz qruplarına cəlb etdiyini deyən Orucov bildirib ki, çox hallarda bu, ailələrin faciəsi silə nəticələnir. "Vəhhabilərin xəlariclər qrupu hesab edir ki, Azərbaycan şəriət qanunları ilə idarə olunmadığı üçün müsəlman ölkəsi deyil. Onların fikrincə, insanlar üç dəfə islama dəvət olunmalıdır, islamı qəbul etməyənlərin qanı halaldır. Bu fikirlərin islam dini ilə heç bir əlaqəsi yoxdur. Onlar ekstremistlər, terrorçular və cinayətkarlardır. Bu baxımdan da onlara münasibət bildirilməlidir" - deyə Komitə sədri vurğulayıb.

Orucov bəzi xarici qüvvələrin Azərbaycanı xristianlaşdırmaq istəyində olduğunu da istisna etməyib.

Rusiyalı politoloq və Rusiya İslam Təşkilatının sədri Heydər Camal Trend ə eksklüziv musahibəsində bildirib ki, vəhhabilik Azərbaycanda şiəliyə qarşı və şiəliyin yayılmasına mane olmaq məqsədilə gizli qüvvələr tərəfindən dəstəklənir. "Səudiyyə Ərəbistanının qeyri-rəsmi təşkilatları Azərbaycanda vəhhabiliyi yaymaq istəyirlər. Bu qüvvənin yaranması şiəliyin inkişafına və yayılmasına mane olacaq. Vəhhabiliyin yayılması ABŞ-ın da maraqlarına uyğundur. Həmin səbəbdən, ABŞ vəhhabilərin gəlir mənbəyi olan Səudiyyə Ərəbistanında şirkətlərin bank hesablarını dondursa da, bu qüvvələri aradan qaldırmağa çalışmır; gələcəkdə daxili münaqişələrdə, yaxud müharibələrdə şiəliyə qarşı istifadə olunacaq" - deyə rusiyalı politoloq bildirib.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov cəzaçəkmə müəssisələrində məhkumların ibadətlə məşğul olması üçün əlverişli şəraitin yaradıldığını, müəssisələrin əksəriyyətində məscidlərin və ibadət yerlərinin açıldığını deyib. Nazir müavini bildirib ki, məhkumların 20 faizi ibadətlə məşğuldur.

Azərbaycanda din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

Ölkə əhalisinin 96 faizi müsəlmandır. Müsəlmanların 65 faizi şiə, 35 faizi isə, sünni təriqətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti