...

Milli Hidrometeorologiya Departamenti Azərbaycanda anomal şaxtaların olacağı barədə təkrar xəbərdarlıq edib

Cəmiyyət Materials 10 Yanvar 2008 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda şaxtalı və qeyri-sabit hava şəraiti yanvarın 14-nə kimi davam edəcək. Bu barədə cümə axşamı Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib.

Son bir həftə ərzində Azərbaycan ərazisində və paytaxt Bakıda hava şəraiti şaxtalı və güclü qar yağması ilə müşahidə olunub. Hətta Azərbaycan paytaxtında yanvarın 7-8-i gecə rekord temperatur qeydə alınıb. Bakı və Abşeron yarımadasında mənfi 6-8 dərəcə şaxta olub. Bakıda yanvarın əvvəllərində heç vaxt bu cür mənfi temperatur qeydə alınmayıb. Yanvarın əvvəllində ən güclü şaxta 1935-ci ildə qeydə alınıb ki, həmin ildə gecə 3,5 dərəcə şaxta olub. Son üç gündə Bakı və Abşeron yarımadasında düşən qar aylıq normadan100 faizdən yuxarı təşkil edib.

Tağıyeva deyib ki, həftənin sonuna qədər havaların anomal şaxtalarla müşahidə edilməsi barədə Azərbaycanın dövlət strukturlarına təkrar xəbərdarlıq göndərilib. Onun sözlərinə görə, son 3 gündə fasilələrlə qar yağacaq, güclü şimal-qərb küləyi müşahidə olunacaq. Bakı və Abşeron yarımadasında gecə saatlarında 6-7 dərəcə şaxta müşahidə olunacaq. Tağıyeva bildirib ki, gələn həftənin əvvəllindən hava şəraiti nisbətən mülayimləşəcək, temperatur müsbət 5-6 dərəcə müsbət olacaq.

Xəbər lenti

Xəbər lenti