...

Avropa Məhkəməsində Azərbaycanı təmsil edəcək hakimin müəyyənləşdirilməsi üçün yenidən sənəd qəbuluna başlanılıb

Cəmiyyət Materials 7 Fevral 2008 13:23 (UTC +04:00)
Avropa Məhkəməsində Azərbaycanı təmsil edəcək hakimin müəyyənləşdirilməsi üçün yenidən sənəd qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir K.Zərbalıyeva/ İnsan Haqları üzrə Avropa Məhkəməsində Azərbaycanı təmsil edəcək hakimin müəyyənləşdirilməsi üçün yenidən sənəd qəbuluna başlanılıb.

Məhkəmə-Hüquq Şurasından cümə axşamı Trend ə bildirilib ki, Şurada İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasına münasibətdə hakimin seçilməsi məsələsinə baxılıb və bu məqsədlə namizədlərin sənədlərinin qəbulu qərara alınıb.

AŞPA ikinci dəfədir ki, Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinin hakimi vəzifəsinə namizədlərin siyahısını geri qaytarıb.

Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev, Əzizbəyov rayon məhkəməsinin hakimi Rəşad Həsənov və Nəsimi rayon məhkəməsinin hakimi Aygün Abdullayevanın daxil olduğu ikinci siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İnsan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi üzrə Alt Komitəsinin dekabrın 17-də Parisdə keçirilən iclasında qəbul edilməyib. Alt Komitə siyahının daha da təkmilləşdirilmək üçün Azərbaycana geri qaytarılması barədə qərar qəbul edib. Qərarda qeyd olunub ki, Azərbaycanın təqdim etdiyi namizədlər AŞPA-nın tələblərinə və standartlarına cavab vermir.

Bununla əlaqədar Azərbaycan Respublikasında fəaliyyət göstərən hakim assosiasiyaları, Vəkillər Kollegiyası, qeyri-hökumət təşkilatları və digər qurumlar (şəxslər) bu vəzifəyə namizəd irəli sürməyə dəvət edilir.

MHŞ-dən bildirilib ki, namizədlərin irəli sürülməsi zamanı insan hüquqları sahəsində, xüsusən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə təcrübənin və biliklərin olması, Avropa Şurasının rəsmi dillərindən - fransız və ya ingilis dillərindən birini sərbəst bilməsi meyarlarına önəm veriləcək.

Namizədlər barədə məlumat Məhkəmə-Hüquq Şurasına fevral ayının 16-dək təqdim edilməlidir.

Azərbaycanlı ekspertlər hesab edirlər ki, Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimlərin seçimində yaranan əsas problem hakimlərin xarici dil bilməməsi ilə bağlıdır.

Ekspert Erkin Qədirli bildirib ki, Azərbaycandan göndərilən siyahının geri qaytarılmasının səbəblərindən biri namizədlərin birinin digərlərindən daha üstün mövqeyə malik olmasıdır: "Hakimliyə namizədlər arasında rəqabətli seçim imkanı yoxdur. Namizədlərin hər üçü eyni səviyyəyə malik olmalıdır" - deyə ekspert vurğulayıb.

Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov da bu sahədə yaranan problemin əsas səbəbini xarici dili bilən hüquqşünasların azlığı ilə əlaqələndirib.

Onun fikrincə, xarici dili bilməməsi Azərbaycan hakimlərinin peşəkarlıq səviyyəsinin göstəricisi ola bilməz.

"Lakin onların xarici dili bilməməsi həmin hakimlərin Abropa Məhkəməsinin hakimliyinə namizədliyinə təqdimatında əngəl yaradır" - deyə Əsgərov vurğulayıb.

Hakimlər Avropa Şurasına üzv dövlətlərintəqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir.

Avropa Məhkəməsinin hakimləri 6 il müddətinə seçilirlər. İlk dəfə seçilən hakimlərdə isə bu müddət aşağı olur. Hakimlər 70 yaşa çatdıqda onların səlahiyyət müddəti bitir.

Xəbər lenti

Xəbər lenti