...

Sumqayıtda külli miqdarda zərərli tullantılar təmizlənmədən Xəzərə axıdılır – ekspert

Cəmiyyət Materials 14 Fevral 2008 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir S.İlhamqızı/ Keçmiş SSRİ-nin təhlükəli kimyəvi zavodları ilə zəngin olan sənaye şəhəri Sumqayıtda bu gün təhlükəli müəssisələrin 95 faizi işləmir, lakin buna baxmayaraq, şəhərdə ekoloji problemlər mövcuddur. Bu fikirlər Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə Sumqayıtda keçirilən "Sumqayıt şəhərində ətraf mühitin qorunmasının vəziyyəti" mövzusunda dəyirmi masada səsləndirilib.

DİP sədri Asim Mollazadə bildirib ki, Azərbaycanda mövcud ekoloji problemlər araşdırılmalı, bu problemlərdən çıxış yolu tapmaq istiqamətində səylər birləşdirilməlidir.

DİP-in Ekologiya departamentinin rəhbəri Nəsir Zeynalov bildirib ki, Sumqayıtdakı kimya sənayesi müəssisələrinin sovet dövründən yığılıb qalmış zərərli tullantıları bu gün də əhalinin sağlamlığına, ətraf mühitə mənfi təsir göstərir. Onun sözlərinə görə, Sumqayıtdakı ekoloji problemlər həm atmosferə atılan tullantılar, həm çirkab suları, həm torpaq, həm də adambaşına düşən yaşıllığın miqdarının azalması ilə bağlıdır. Zeynolovun dediyinə görə, Sumqayıtdakı sənaye müəssisələrində atmosferi çirkləndirən stasionar mənbələrin sayı 2573-dür. Burada qaz -toz təmizləyici qurğuların sayı 331-dir ki, onların da yalnız 150-si normal vəziyyətdədir, qalanları işləmir. "Sumqayıtda ətraf mühitə atılan tullantıların çoxunu karbon qazı təşkil edir. Bura Alüminum zavodu tərəfindən atmosferə atılan təhlükəli kükürd-oksid, hidrogen-flüorid, hidrogen-ftorid, digər toksiki tullantıları da əlavə etmək olar. Sumqayıtda külli miqdarda zərərli tullantılar təmizlənmədən Xəzərə axıdılır"-deyə məruzəçi bildirib.

Toplantıda, həmçinin, qeyd edilib ki, Sumqayıtdakı ekoloji problemlərin böyük əksəriyyəti sovet dövründən miras qalıb, hazırda atmosferi, əsasən, Alüminium zavodunun buraxdığı təmizlənməmiş qazlar və "Azkompozit" müəssisəsinin tullantılarının müvafiq poliqonda yandırılması zamanı ayrılan qazlar çirkləndirir. Sovet dövründən qalmış 200 min ton civə slamının yalnız 40 min tonunun müvafiq poliqonda dəfn olunduğu bildirilib.

Dəyirmi Masanın nəticələri ilə bağlı geniş materiallar və mövcud problemlərin həlli ilə bağlı təkliflər dövlət, hökumət rəhbərlərinə təqdim olunacaq.

Nyu-Yorkun nüfuzlu ekologiya institutu "Black Smith" dünyanın ekoloji cəhətdən ən çirkli şəhərlərinin siyahısını dərc edib. Bu siyahıya əsasən, Sumqayıt dünyanın 10 ən çirkli şəhəri içərisində Ukrayna Çernobılından sonra ikinci yeri tutur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti