...

Azərbaycanın bəzi dövlət orqanlarında qadınlara qarşı seksual zorakılıq faktları var

Cəmiyyət Materials 3 Mart 2008 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın bəzi dövlət orqanlarında qadınlara qarşı seksual zorakılıq faktları var. Bu barədə bazar ertəsi İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadova "Azərbaycanda qadın hüquqşünaslar"layihəsinin başa çatması münasibətilə keçirilən Dəyirmi masada məlumat verib.

Cavadova bildirib ki, bu barədə İctimai Birliyə qadınlar tərəfindən anonim müraciət edilib. "Bu müraciətlər layihənin sonunda edildiyindən hazırladığımız hesabata bu barədə məlumat daxil edilməyib" - deyə Cavadova bildirib.

Layihənin rəhbəri seksual zorakılıq faktlarının hansı dövlət orqanlarında baş verdiyini deməyib. O bildirib ki, bu müraciətlərlə bağlı araşdırma aparılacaq.

Təşkilat sədrinin sözlərinə görə, layihə çərçivəsində aparılan sorğularda iştirak edən prokurorluqda işləyən xanım hüquqşünaslar analıq məzuniyyətinə çıxa bilməmələrindən şikayət ediblər. "Onlar bildiriblər ki, öz hesablarına məzuniyyət istəyərkən onlardan işdən çıxmaları barədə ərizə yazmaq tələb olunur" - deyə layihə rəhbəri bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Əntiqə Qonaqova prokurorluq orqanlarında xanımlara məzuniyyət verilməsi ilə bağlı problem olmadığını bildirib.

Layihənin yekunları barədə məlumat verən Cavadova qeyd edib ki, hüquq-mühafizə orqanlarında çalışan qadın hüquqşünasların əsas problemləri hərbi rütbə ala bilməmələri, rəhbər vəzifələrə irəli çəkilməmələri ilə bağlıdır.

Cavadova bildirib ki, bu diskriminasiyanın aradan qaldırılması üçün hüquq-mühafizə orqanları strukturun kvotasını hazırlamalı və hər bir strukturda qadınların çalışmasına imkan verilməlidir.

Cavadova Azərbaycanda qadın vəkillərin azlığının da problem olduğunu diqqətə çatdırdı.

"Rayonlarda ailə-məişət problemləri zamanı qadınlar xanım vəkil axtarırlar. Onların olmaması isə bu xanımlara problemlər yaradır" - deyə təşkilat rəhbəri vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Elgün Səfərov Azərbaycanda qadın hüquqşünaslarla bağlı problem olmadığını vurğulayıb və qeyd edib ki, Dövlət Komitəsinə bu problemlə bağlı müraciət daxil olmayıb.

Vəkillər Kollegiyasının üzvü Sünbülə Əliyeva bildirib ki, Azərbaycanda 780 vəkilin 107-si qadındır. Onların əksəriyyətinin Bakıda yaşadığını deyən vəkil qeyd edib ki, həmin xanım vəkillərin bəziləri rayonlardan olsa da, ailələri Bakıda yaşadığından onlar rayonlarda işləmək istəmirlər.

Hüquqşünas Əlövsət Əliyev isə bildirib ki,hüquq-mühafizə orqanlarının rəhbərlərindən xanımları şöbə və idarələrə rəhbər təyin etmələri tələb olunmalıdır. Onun fikrincə hər polis idarəsində, şöbəsində, prokurorluqda ən azı bir xanım işləməlidir.

Cavadova bildirib ki, xanım hüquqşünasların ən çox olduğu qurum ədliyyə orqanlarıdır. Ədliyyə Nazirliyinin Aparatında 89 xanım hüquqşünasın çalışdığını deyən Cavadova bildirib ki, nazirliyin digər qurumlarında da xanım hüquqşünaslar çalışır.

"Azərbaycanda qadın hüquqşünaslar"layihəsi ötən ilin iyunundan dekabrınadək davam edib.

Layihənin məqsədi ölkədə yaşayan qadın hüquqşünasların peşə fəaliyyəti ilə bağlı vəziyyəti öyrənmək olub.

Layihə ATƏT-in Bakı ofisinin sifarişi ilə İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti