...

"Azadlıq" qəzetinin müxbiri telekanallardan efir vaxtı istəyir

Cəmiyyət Materials 10 Aprel 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan şəxslər tərəfindən bıçaqlandığı iddia olunan müxbiri barəsində yayılan məlumatlara aydınlıq gətirilməsi üçün telekanallardan efir vaxtı istəyir.

Bu tələblə Aqil Xəlil cümə axşamı Bakının Nəsimi rayon məhkəməsinə müraciət edəcək. Bu barədə cümə axşamı Trend a jurnalistin vəkili Elçin Sadıqlı məlumat verib.

Aprelin 7-də AzTV, "Lider", "Space" və ATV televiziya kanalları Respublika Prokurorluğunun Xəlilin döyülməsi ilə bağlı açıqladığı istintaq məlumatı yayıblar. Məlumatda jurnalistin martın 13-də qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan şəxslər tərəfindən bıçaqlandığı bildirilib.

Vəkil bildirib ki, Xəlil barədə adıçəkilən telekanallarda efirə gedən 20 dəqiqədən artıq süjetdə hüquqlarını müdafiə etdiyi şəxsin şərəf və ləyaqəti təhqir olunub.

Məhkəmədən həmin kanalların yaydığı məlumatlara aydınlıq gətirilməsi üçün jurnalistə 20 dəqiqəlik çıxış üçün vaxt verilməsi tələb olunur.

ATV kanalının Xəbərlər Departamentinin direktoru Natiq İbrahimov çərşənbə günü Trend a bildirib ki, istintaq materialındakı faktlar Xəlilin bu əməli törətdiyi, hazırlanmış material dəqiqləşdirildikdən sonra şərhsiz efirə verilib.

"Space" telekanalının "Hər Gün" xəbərlər xidmətinin rəhbəri Elman Gədikli isə Xəlillə bağlı efirə verilən materialın Baş Prokurorluğun rəsmi məlumatı olduğunu deyib.

"Lider" televiziyası və AzTV şərh verməkdən imtina edib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti aprelin 9-da keçirdiyi mətbuat konfransında bəzi televiziyaları Xəlillə bağlı materialı yayımladığına görə tənqid edib. O deyib ki, media mənsubları nəinki bu yalançı materialı verməkdən çəkinməyib, hələ üstəlik jurnalistikanın tələb etdiyi kimi, qarşı tərəfin münasibətini bildirməsi üçün şərait də yaratmayıblar. O, televiziyaları bu cür hərəkətləri dayandırmağa çağırıb. "Faktları sifarişlə çatdırmaqdansa, onları yoxlayıb çatdırmağa üstünlük verilməliydi",- deyə Haraşti vurğulayıb.

Vəkil bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quliyevi də məhkəməyə verəcək, onun cəzalandırılmasını və vurulmuş mənəvi ziyana görə kompensassiya ödəməsini tələb edəcək.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti