Azərbaycanda ilk "Mult.az" fleş-animasiya studiyası işə başlayıb. Studiya İnternetdə baxılması mümkün olan multiplikasiya filmlərinin istehsalı ilə məşğul olur. Son illər fleş- multfilmlər dünyada çox məşhurdur, tanınmış italiyalı Bruno Bozettinin auditoriyası genişdir. Postsovet məkanında ən uğurlu bənzər layihə məşhur rus layihəsi "Masanya" olub. Ukrayna, Belarus və Gürcüstan multiplikasiya filmləri də var. İndi güman etmək ola ki, İnternetdə Azərbaycan multiplikasiya filmləri müntəzəm görünəcək.
İstehsalına aylar, bəzən də illər sərf olunan ənənəvi multiplikasiyalardan fərqli olaraq, fleş texnologiyası xeyli sürətlə işləməyə imkan verir, yəni filmlər aktual mövzulara toxuna bilər. Hər halda, "Mult.az" studiyası Dağlıq Qarabağ münaqişəsi üzrə BMT Baş Assambleyasının Qətnaməsi və ATƏT-in Minsk Qrupunun ona reaksiyası mözusunda məzəli film təqdim edib. Hələ ki, www.mult.az saytında altı film var. "Eh, sirun, sirun!" cəlbedici ad altında yeni filminsə, anonsu gedir.