...

Londonda ikinci Azərbaycan məktəbi açıldı

Cəmiyyət Materials 28 Aprel 2008 15:45 (UTC +04:00)

Böyük Britaniya, London, 28 aprel / Trend , müxbir G.Əhmədova/ Bu gün Londonda ikinci Azərbaycan məktəbi açılıb. Bu məktəb Böyük Britaniyadakı Güney Azərbaycanlılar Təşkilatı və "Caspian-Xəzri" Azərbaycan məktəbinin ilk birgə layihəsidir. Bu barədə bu gün Londonda Azərbaycan məktəbinin açılışında "Caspian-Xəzri"nin rəhbəri Simuzər Baloğlanova açıqlama verib.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadaki səfiri Fəxrəddin Qurbanov, Londonda təhsil alan azərbaycanlı tələbələr, Cənubi Azərbaycanlıların Londondakı cəmiyyətinin üzvləri iştirak ediblər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Qurbanov bildirib ki, bu məktəbi açmaqla diasporumuz Azərbaycan dilini yaşatmalıdır: "Xaricdə yeni bir nəsil doğulur, böyüyür. Dilin tədrisinə yer ayırmaq ən vacib məsələdir. Bir səfir kimi, söz vermişdim ki, mənim fəaliyyətimin əsas hissəsi təhsil işlərinə yönələcək", - deyə Qurbanov qeyd edib.

Səfir bildirib ki, bu, Avropada ilk belə layihədir və Heydər Əliyev Fondunun dəstəyi ilə səfirlik adından məktəbə xeyli sayda Azərbaycanda dilində tədris vəsaiti gətirilib.

Güney Azərbaycanlıları Təşkilatının nümayəndəsi Ələddin Fəthrazi isə bildirib ki, bu təşkilat 2006-cı ilin oktyabrında yaranıb. Təşkilatın məqsədi Güney Azərbaycanlıları icmasını Böyük Britaniyada təmsil etmək və İranda yaşayan azərbaycanlıların vəziyyəti haqqında həqiqətləri dünyaya çatdırmaqdır.

Həftənin bazar günləri təşkil ediləcək Azərbaycan məktəbində, Azərbaycan dili, tarixi, coğrafiyası və mədəniyyəti tədris olunacaq. Məktəb Londonun qərbində "Hammersmith Management College"də yerləşir. Əsasən Cənubi azərbaycanlıların uşaqlarının üstünlük təşkil etdiyi məktəbdə 15-ə yaxın uşaq pulsuz təhsil alacaq. Güney Azərbaycanlıları Təşkilatına maliyyə dəstəyini "Lottery Foundation", "Caspian-Xəzri"yə isə "London- Azərbaycan cəmiyyəti" göstərir.

Londonun şimalında yerləşən ilk Azərbaycan məktəbi olan "Caspian-Xəzri" 29 aprel 2006-cı ildən fəaliyyət göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti