...

Hicran Nəsirova: "Kamal Xudaverdiyev səhnəmizin sarı simi idi"

Cəmiyyət Materials 2 May 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /müx. TrendLife Safura

Bu gün Azərbaycanın xalq artisti, mərhum aktyor Kamal Xudaverdiyevin 70 yaşı tamam olur. On gün əvvəl dünyasını dəyişən xalq artisti haqqında keçmişdə danışmaq dostlarına ağır gəlir. Xalq artisti Bəsti Cəfərova bu fakta hələ də inanmadığını söyləyir: "Elə bilirəm ki, o sağdır. Yaxın zamanlaradək tərəf müqabilim olan bir insan indi həyatda yoxdur. Kamal Xudaverdiyev teatra məşqləri olmayan zaman gəlib-gedəndə darıxırdı. Amma o bir əsərlə məşqul olanda, yeni rol alanda, tamam başqa bir adam olurdu. Elə bir ömrünə yeni məna verilirdi".

Rejissor Bəhram Osmanov isə deyir ki, hələ onun oynamadığı maraqlı rolları qarşıda idi: "Elə rollar var ki, aktyor gərək ömrünün kamil cağında oynasın. Kamal Xudaverdiyevin də yaşı, xarici siması ona çox rollarda oynamaq imkanı yarada bilərdi. Təəsüf ki, əcəl buna imkan vermədi".

Kamal Xudaverdiyev "Kral Lir"də Kral Lir, "Şah Edib"də Şah Edib, "Mesenat"da Murtuza Muxtarov, "Xurşudbanu Natavan"da Qoca kimi rolların ifaçısı olub. Demək olar ki, əksər hallarda baş və aparıcı rollar oynayan mərhum aktyor 70 illik ömrünün 40 ilini sənətə həsr edib. O, Azərbaycan kinosunda da yaddaqalan obrazlar yaradıb. "İstintaq davam edir" də Çingizov, "Dağlarda döyüş" filmində Rüstəmov, "Sonuncu məhəbbət"də Həsənov obrazları ilə yaddaqalan aktyor haqqında əməkdar aktrisa Hicran Nəsirova da xatirələrini bölüşür: "Azərbaycanın mükəmməl bir sənət fədaisinini itrdik. Aktyor sözü kiçik hərflə yazılır. Amma Kamal müəllim haqqında danışanda gərək bu söz böyük hərflərlə yazılsın. Yadımdadır bir dəfə bir məclisdə əyləşəndə Nahid Hacızadə Kamal müəllimi səhnəmizin sarı simi adlındırdı. Kamal müəllim həqiqətən səhnəmizin sarı simi idi".

Kamal Xudaverdiyev problemlərini heç vaxt üzə vurmağı xoşlamazdı. 1982-ci ildə Azərbaycanın əməkdar artisti, 1991-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülən mərhum aktoyr bu il aprelin 21-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti