Azərbaycan, Bakı,15 may / Trend , müxbir K.Zərbalıyeva/ Hakimliyə namizədlərlə şifahi imtahan başlanıb. Məhkəmə-Hüquq Şurasından cümə axşamı Trend a bildirilib ki, şifahi imtahanda 102 namizədin 6 aylıq tədris kursu əsasında öyrəndiyi biliklər yoxlanılacaq.
Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək, yarım il davam edən tədris kursunu və məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş 102 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə aprelin 19-da yazılı imtahan keçirilib. Namizədlərin hamısı imtahandan müvəffəqiyyət qazanıb.
Ayın sonunadək davam edəcək şifahi imtahanlarda hər bir namizəd 30 dəqiqə ərzində 5 sualı cavablandıracaq. 60 bal və ondan çox nəticə göstərənlər növbəti mərhələyə buraxılacaqlar.
Sonuncu mərhələdə hər bir namizədlə 1 saatlıq söhbət aparılacaq.
Azərbaycanda hazırda 200-dən artıq vakant hakim yeri var.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]