Azərbaycan, Bakı, 19 may /müx.TrendLife Şahin Cavadsoy/
Türkiyədə keçirilmiş "Popstar Alaturka" yarışmasında iştirakından sonra hər kəsin sevimlisinə çevrilən müğənni Aygün Şükürova subaylığın daşını atmağa qərar verib. Onun seçimi isə rejissor Kənan M.M-dir. Bu xəbər birinci olaraq təsdiqlənməmiş informasiya kimi "Space Bazar" maqazin proqramında tamaşaçıların nəzərinə çatdırılmışdı. Əldə etdiyimiz ən son xəbərə görə, artıq cütlük təntənəli nişan mərasimlərinə hazırlaşırlar. Kənanın ağır xasiyyətə malik olduğunu söyləyən Aygün, ünvanladığımız çoxsaylı suallar qarşısında yalnız bu sözləri söylədi: "Bundan sonra bütün sualları adaxlım Kənan M.M cavablandıracaq. Bircə onu deyə bilərəm ki, yayılan söz-söhbətlər həqiqətə uyğundur".
Xanım Şükürova elçilərə "hə" cavabı verdikdən sonra, köhnə mobil nömrəsi ilə vidalaşıb. Və bu səbəbədən də onu necə arayıb-tapmağımız sənətçidə böyük maraq oyatdı.
Qeyd edək ki, Aygünlə-Kənanın münasibətlərinin tarixi "Popstar Alaturka" yarışmasından başlayıb. Bir neçə dəfə yarışmaya yol alan Kənan elə o vaxtdan Aygündən öz dəstəyini əsirdəmirdi.
Günboyu dəfələrlə Kənan M.M-lə əlaqə saxlasaq da cəhdlərimiz boşa çıxdı. Bu isə deməyə əsas verir ki, cütlük şəxsi həyatlarına mass-medianın hansısa müdaxilələrinin qəti şəkildə əleyhinə çıxır. Ona görə də biz də yalnız "xoşbəxt olun!" təbriki ilə kifayətlənirik.