Azərbaycan, Bakı, 20 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının keçmiş yarımmüdafiəçisi məşqçi kimi fəaliyyət göstərmək üçün təklif gözəlyir. "Birinci divizion klubları xidmətimdə maraqlı olsalar, məşqçi kimi işləmək üçün danışıqlara başlaya bilərəm. "Kəpəz"də də işləməyim mümkündür. Bu klubun maliyyə məsələsi həll olunsa, orfda köməkçi-məşqçi kimi fəaliyyət göstərərəm",- çərşənbə axşamı Trend -a Azərbaycanın ən titullu futbolçularından olan Vidadi Rzayev bildirib.
Rzayevin məşqçi kimi işlədiyi ilk və sonuncu klub "Karvan" olub. Yevlax klubunda baş məşqçi dəyişikliyiyndən sonra Rzayev işsiz qalıb.
Sabiq futbolçu bildirib ki, gələcəkdə daha yaxşı futbol mütəxəssisi olmaq üçün məşqçilik təhsili almağı planlaşdırıb. "Boş oturmaq istəmirəm. Artıq B kateqoriyalı məşqçilik lisenziyası almağa hazırlaşıram" - deyə Rzayev əlavə edib.
Rzayevin futbolçu kimi sonuncu klubu Bakının "Olimpik" komandası olub. O, futbolçu karyerası ərzində altı dəfə Azərbaycan çempionu olub, dörd dəfə ölkə kubokunu qazanıb.
Uzun illər yığma komandanın formasını geyən Rzayev Bakıda 1996-cı ildə İsveçrə millisi ilə keçirilən oyunda qələbə qolunu da vurub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]