...

Reklam carxlarında iştirakımdan qəpik-quruş alıram- Əməkdar artisti Sabir Məmmədov

Cəmiyyət Materials 21 May 2008 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /müx. TrendLife Safura

Bu gün müxtəlif telekanallarda əcnəbi ölkələrin Azərbaycan dilinə tərcümə olunmuş reklamlarını görəndə, istər-istəməz belə bir sual yaranır- məgər biz özümüz reklam çəkə bilmirik?

Təsadüfən avtobusda əməkdar artist, prezident təqaüdçüsü, tanınmış aktyor Sabir Məmmədovla rastlaşdım. Ondan nə üçün avtobus ilə getdiyini soruşanda gülərək bu cavabı verdi:

"Elə bilirsiniz ki, biz qaz vurub, qazan doldururuq. Azərbaycanda fəaliyyət göstərən bütün televiziya və radio kanallarından mənim səsim gəlir. Bu günə qədər səsləndirdiyim reklamların sayını belə itirmişəm". Əməkdar artist bütün gördüyü işin müqabilində çox az pul aldığını bildirdi. Reklam carxlarının çoxunda zəhməti olan Sabir Məmmədov bu gün Azərbaycanda reklam işinin zəifliyindən, təşkilati işlərin qənaətbəxş olmamasından şikayətləndi. Bəzən verilən mətnin düzgün olmadığını görən əməkdar artist onu oxumaq məcburiyyətində qalır: "Ağa deyir sür dərəyə, biz də sürürük. Tamaşaçıların yadında qalmaq, gündəmdə olmaq üçün reklamlar yaxşı vasitədir. Akademik Milli Dram Teatrında səhnələşdirilən tamaşalırda çox maraqlı rollarım var. Teatrdan xəbərsiz tamaşaçılar məni o rollarla yox, reklamlarlardan tanıyır və yadda saxlayırlar"- deyən Sabir Məmmədov Azərbaycanda reklamın səviyyəsinin aşağı olmasının səbəbini reklam sifarişçilərinin xəsisliyində görür".

Bu haqda reklamlarda tez-tez çəkilən aktrisa Vəfa Zeynalovanın da fikrini öyrəndik. O da Azərbaycanda reklam biznesinin olmamasından şikayətlənərək, reklamların ona çox gəlir gətirmədiyini söylədi:

"Mən çox reklamlarda çəkilmişəm. Bu tamaşaçıların məni daha yaxşı tanımasına səbəb olub. Buna baxmayaraq reklama dəvət alanda onun mənə nə qədər gəlir gətirəcəyini düşünməmişəm. Bəlkə də bundan sonra düşünəcəyəm. Sadəcə bu günə qədər olunan təkliflər məni qane edib. Mənim üçün reklam çəkənlərin insani keyfiyyətləri, dostluq münasibətləri daha önəmlidir" deyən aktrisaya, sizə elə gəlmir ki, sizdən sadəcə sərfəli variant kimi istifadə ediblər- sualını verəndə onun cavabı belə oldu:

"Yox. Məndən heç vaxt istifadə edə bilməzlər. Sadəcə mən çoxlarının çəkilməyə razı olmadığı reklamlarda çəkilirəm. Mən aktrisayam və heç bir çəkiliş məni qorxutmur. Çalışıram mənə həvalə olunan işin öhdəsindən gəlim"

Reklamın onlara böyük gəlir gətirmədiyini deyən, aktyorlardan fərqli olaraq, reklam çəkən rejissorlar bunun səbəbini elə aktyorların özündə görürlər.

Rejissor Aqil M. Quliyev bu gün çox reklam çarxlarını çəkdiyini deyərək, kimə nə qədər düşürsə, o qədər də pul verdiyini bildirdi:

"Hər reklamın öz dəyəri var. Reklam var ucuz, reklam da var baha başa gəlir. Onların telekanallarda yerləşdirilməsi rejissorluq deyil. Xüsusi şirkətlər var ki, onlar həm reklamı çəkir, həm də onu telekanallarda yerləşdirilməsini təmin edir. Reklam çəkilən zaman iştirakı lazım olan aktyor və ya aktrisa, alacağı məbləği qabaqcadan bilir. İstəməsə o razılaşmaya da bilər. Əgər razılaşırsa, deməli hər şey qaydasındadır" deyən Aqil M.Quliyev hər hansı bir reklamın müxtəlif vaxtlarda və müxtəlif telekanallarda, radio dalğılarında getməsinə görə aktyora yenidən pul verilməməsini düzgün addım hesab edir:

" Reklam sifarişcisi pul verib reklam çəkdirir və onu istədiyi kimi istifadə edir. İstəsə tullaya da bilər." deyən Quliyev bəlkə də elə belə problemlərin yaranmaması üçün öz çəkdiyi reklamlarda özü çəkilir və elə özü də onları səsləndirir.

Rejissor Ülviyyə Könül də həmkarının bəzi fikirləri ilə razı olduğunu söyləsə də aktyorlara sərf edən bir təklif irəli sürdü. Rejissorun fikrincə aktyor və aktrisalar birləşməli və reklam çəkilişinə görə xüsusi qitymətlər qoymalıdırlar.

"Bizim Azərbaycanda hər bir reklam sifarişçisi az pul xərcləyib, yaxşı məhsul əldə etmək istəyir. Elə bu səbəbdən duzsuz aktyorlara müəyyən qədər pul təklif edilir. Bu insanlar vaxtlarının qiymətini dəyərləndirmədikləri üçün, verilən hər məbləğə razılaşırlar. Ona görə telekanallarda gedən reklamlar aşağı səviyyədə olur" deyən Ülviyyə xanım, bu gün 500- 600 manata da reklam çəkildiyini gülə gülə desə də normal reklamın ən azı 3000-4000 manata başa gəldiyini söylədi. Bəzən operatorun və ya elə rejissorun xarici ölkədən gəlməsini istəyən sifarişçilərin də olduğunu deyən Ülviyyə Könül xaricilərə xərclənən pulun yerli rejissor, operator, montajçı və aktyorlara xərclənmədiyini söylədi:

"Bəlkə də aşağı səviyyədə reklam çaxlarının çəkilməsində hamımızın günahı var. İşçi qrupun lazımı qədər pul tələb etməməsi, alınan məhsullarda özünü göstərir. Hamı sadəcə işini görür. Amma məlumdur ki, pul kifayət qədər olanda stimul həvəs artır. Lazım olan aktyorları da rahat işlədirsən. Bəlkə nə vaxtsa bizdə də reklamların səviyyəsi yüksələcək" deyən rejissor ümüdün sonda öldüyünü söylədi. Elə bizə də ümüd etmək qalır. Yəqin nə zamansa, imkanla reklam sifarişçilərimiz, səxavət kisələrinin ağzını açandan sonra bizdə də maraqlı və rəngarəng reklamlar istehsal olunanaq.

Xəbər lenti

Xəbər lenti