...

Azərbaycanda ilin ən yaxşı məşqçisi adına "Olimpik"in baş məşqçisi layiq görülüb

Cəmiyyət Materials 27 May 2008 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə 2007-2008-ci il mövsümündə ən yaxşı məşqçi adına Bakının "Olimpik" klubunun baş məşqçisi Əsgər Abdullayev layiq görülüb. Trend -un 15 gün ərzində internet saytında yerləşdirdiyi sorğuya qatılan futbol azarkeşlərinin cavablarından məlum olub ki, sorğuda iştirak edənlərin yarıdan çoxu - 50,30 %-i (5271 nəfər) mövsümün ən yaxşı məşqçisi kimi "Olimpik"in baş məşqçisi Abdullayevi göstərib.

Abdullayevin baş məşqçi olduğu "Olimpik" klubu hazırda Azərbaycan Premyer-Liqasının lideridir. Abdullayev "Olimpik"ə baş məşqçi təyin olunmamışdan əvvəl, 2000-ci ildə güclülər dəstəsində iştirak edən "Şəfa"klubu, 2005-ci ildə isə, "Bakı" klubu ilə Azərbaycan kubokunu qazanıb. Baş məşqçi Azərbaycanın futbol üzrə yığma komandasına rəhbərlik etdiyi dövrdə səfərdə ilk dəfə xal qazanan (Serbiya - Azərbaycan 2:2) məşqçi kimi yadda qalıb və milliyə 6 oyunda 4 xal qazandırıb. Abdullayev Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasına ən çox xal qazandıran (9 xal) məşqçisi kimi də tarixə düşüb.

Sabah son tur çərçivəsində keçiriləcək "Olimpik" - "Qarabağ" oyununda qələbə qazanacağı, ya da heç-heçə edəcəyi halda, Abdullayevin rəhbərlik etdiyi komanda Azərbaycan Premyer-Liqasının çempionu olacaq.

"Xəzər-Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadov sorğuda iştirak edənlərin 48,00%-nin (5030 nəfər) səsini qazanmaqla, ikinci yerdə qərarlaşıb.

Mircavadov baş məşqçi kimi sonuncu titulunu mayın 24-də "Xəzər-Lənkəran"ın ölkə kubokunun finalında "İnter" klubunu 2:0 hesabı ilə məğlub etməsindən sonra qazanıb. Təcrübəli məşqçi iki dəfə Rusiyada təşkil olunan "Birlik Kuboku"nun qızıl medallarını əldə edib. Çalışdığı dövrdə "Şəmkir" və "Neftçi" klublarını da çempion edib.

"İnter"in ukraynalı baş məşqçisi Valentin Xodukin sorğuya qatılanların cəmi 1.71%-nin (179 nəfər) səsini qazana bilib.

Xodukinin baş məşqçisi olduğu "İnter" klubu Premyer-Liqada "Olimpik"dən sonra ikinci pillədə qərarlaşıb. Sabah "İnter" "Qəbələ" ilə oyunda qələbə qazansa və "Olimpik" "Qarabağ"a uduzsa, Xodukinin komandası tarixində ilk dəfə Azərbaycan çempionu ola bilər.

"İnter" ölkə kubokunun final oyununda "Xəzər-Lənkəran"a uduzsa da, Avropanın klub turnirlərində iştirak etmək hüququnu itirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti