...

Bıçaqlanan azərbaycanlı jurnalistin məhkəməsi başlayıb

Cəmiyyət Materials 5 İyun 2008 12:04 (UTC +04:00)
Bıçaqlanan azərbaycanlı jurnalistin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 05 iyun/ Trend , müxbir K.Zərbəliyeva/ Bakının Nəsimi rayon məhkəməsində bu gün "Azadlıq" qəzetinin jurnalisti Aqil Xəlilin bıçaqlanması üzrə cinayət işinin hazırlıq iclası keçirilib.

Trend -un arayışı: "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilov bu il martın 13-də Ayna Sultanova küçəsi 523-ci məhəllədə yerləşən binalardan birinin yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə baş verən gündən Xəlil hadisənin əvvəllər "Zeytun bağı"adlanan sahədə baş vermiş insidentlə və jurnalist fəaliyyəti ilə bağlı olması, iki nəfər şəxs tərəfindən izlənildiyini bildirib.

Baş Prokurorluğun yaydığı məlumatda isə jurnalistin qeyri-ənənəvi cinsi orentasiyaya malik şəxslər tərəfindən bıçaqlandığı bəyan edilib.

Belə ki, Xəlilin əvvəllər tanıdığı və onunla intim əlaqədə Serqey Strekalin tərəfindən bıçaqlandığı istintaqla sübuta yetirildiyi qeyd olunub.

Strekalin Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə (127.1) və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama (234.1) maddələri ilə təqsirli bilinərək həbs olunub.

Jurnalistin "Zeytunlar bağı" adlanan ərazidə döyülməsi faktı ilə bağlı başlanmış cinayət işinə isə xitam verilib.

Baş Prokurorluq Xəlilin mayın 7-də metroda ona sui-qəsd edilməsi və oğurlanmasına cəhd edilməsi ilə bağlı açıqladığı məlumatların da sübuta yetirilmədiyini bildirib. İstintaq zamanı Xəlilə, onun ailə üzvlərinə mənəvi və fiziki təzyiqlər göstərilməsi, jurnalistə hər hansı işgəncə verilməsi barədə məlumatlar da Baş Prokurorluq tərəfindən təkzib olunub.

Bir neçə gün öncə Çevik Polis Alayının üç əməkdaşı Xəlilin mühafizəsi üçün ayrılıb.

Bu gün keçirilən hazırlıq iclasında zərərçəkən Xəlil və vəkili Elçin Sadıqov iştirak etməyib. Xəlil ərizə ilə məhkəməyə müraciət edərək vəkilinin ABŞ-da olduğu üçün hazırlıq iclasının təxirə salınmasını xahiş edib. Məhkəmə zərərçəkən və ya vəkilinin gəlməməsinin hazırlıq iclasının keçirilməsinə maneə olmadığını əsas gətirərək vəsatəti təmin etməyib. Xəlilin istintaq materialları ilə tanışlıq və bəzi sənədlərin surətlərinin çıxarılması barədə yazılı vəsatəti isə təmin olunub.

Təqsirləndirilən Strekalin, vəkili və dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsi barədə qərar çıxarılmasını xahiş ediblər. Hazırlıq iclasının qərarı ilə məhkəmə baxışı iyunun 20-nə təyin olunub. Hazırlıq iclasında Strekalin istintaqa verdiyi ifadələrini və imzalarını təsdiqləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti