...

İnsan haqlarının müdafiəsi dövlət üçün prioritet məsələ olmalıdır - Azərbaycan ombudsmanı

Cəmiyyət Materials 18 İyun 2008 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir S.Ağayeva / İnsan haqlarının müdafiəsi dövlət üçün prioritet məsələ olmalıdır. Bu barədə Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Bakıda Ombudsmanların VI Beynəlxalq Bakı Konfransında bildirib. Konfrans öz işini çərşənbə günü başlayıb.

Ombudsman bildirib ki, Azərbaycanda "İnsan haqlarının müdafiəsi üzrə Dövlət Proqramı" təsdiq edilib və insan haqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Azərbaycan prezidentinin fərmanı ilə hər il iyulun 18-i Milli İnsan Haqları Günü kimi qeyd olunur.

Süleymanova hesab edir ki, qlobal dünyada insan haqlarına xüsusi yer ayrılmalıdır. Onun sözlərinə görə, ombudsman institutu dövlət strukturları ilə əməkdaşlıqda insan haqları pozuntusu ilə bağlı hər bir siqnalı araşdırır. Xüsusi diqqət məhbusların haqlarına ayrılır. Süleymanova bildirib ki, son beş il ərzində Ombudsman Aparatının müraciətləri əsasında 220-dən çox məhbus azadlığa buraxılıb.

O bildirib ki, Azərbaycanda erməni təcavüzü nəticəsində doğma yurdlarından qovulan qaçqın və məcburi köçkünlər hələ də kütləvi insan haqlarının pozulmasından əziyyət çəkirlər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

BMT-nin insan haqları üzrə Ali Komissarlığının diplomatik korpuslarının nümayəndələri, Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidenti, Ukrayna, Gürcüstan, Polşa, Macarıstan, Rusiya, Özbəkistan, Böyük Britaniya və digər ölkələrin Ombudsman Aparatlarının nümayəndələrinin iştirak etdiyi konfransda Süleymanova beynəlxalq ictimaiyyəti Azərbaycanın qaçqın və məcburi köçkünlərinin əzablarına son qoyulması istiqamətində səylərini əsirgəməməyə çağırıb.

Müəlliflə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti