Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın 18 yaşadək avarçəkənlərdən ibarət yığma komandası Avstriyanın Lints şəhərində yeniyetmələr arasında keçiriləcək akademik avarçəkmə üzrə dünya çempionatında iştirak edəcək. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.
İyulun 22-də startı veriləcək dünya çempionatı altı gün davam edəcək. Azərbaycanlı idmançılar çempionata hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirəcəklər. Yeniyetmə avarçəkənlərdən Timur Kutseba və Aleksandr Qlotov yığma komandanın məşqçisi Aleksandr Barabanovun rəhbərliyi altında hazırlıq prosesində iştirak etmək üçün Rusiyaya yola düşüblər. Onlar Rusiya yığmasının hazırlıq prosesində iştirak edəcəklər.
Azərbaycanın avarçəkmə üzrə yığma komandasının 15 üzvü isə, məşqçilər Fyodr Usaçyov və İlqar Tağıyevin rəhbərliyi altında Mingəçevir şəhərində təlim-məşq toplanışı keçəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]