...

AŞ PA Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması məsələsinə baxacaq (video)

Cəmiyyət Materials 2 İyul 2008 14:15 (UTC +04:00)
AŞ PA Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması məsələsinə baxacaq (video)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Maria de Puç bildirib ki, əgər Avropa Şurasının Azərbaycanda siyasi məhbus kimi tanıdığı şəxslər azadlığa buraxılmasa, AŞ PA siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin edəcək. "Mənim Azərbaycana səfərimdən sonra bu sahədə dəyişikliklər baş verməsə, hökumət həbsxanda olan bir qrup məhbusla bağlı özünün siyasi iradəsini nümayiş etdirməsə, onda sentyabr ayında AŞ PA siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin edəcək", - deyə çərşənbə günü Bakıda jurnalistlər üçün keçirdiyi brifinqdə AŞ PA prezidenti Luis Maria de Puç bildirib.

Trend -un arayışı: AŞ PA-nın yay sessiyasında qəbul olunan qətnamədə qeyd olunub ki, qurum Azərbaycan hakimiyyətini Natiq Əfəndiyev, Rasim Ələkbərov, Ruslan Bəşirli, Akif Hüseynov və Telman İsmayılovu humanitar əsaslarla azadlığa buraxmaq məsələsini müzakirə etməyə çağırır. Qətnamədə Seçki Məcəlləsinin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılması, həbsdəki jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması kimi məsələlər var.

AŞ PA prezidenti Puç bazar ertəsi Azərbaycana üç günlük rəsmi səfərə gəlib. Puç Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçiləri, müxalifət partiyalarının liderləri, hüquq müdafiəçiləri ilə görüşüb.

Azərbaycanın hüquq müdafiəçiləri hesab edirlər ki, ölkədə 30 nəfərə yaxın siyasi məhbus var və ona görə də AŞ PA siyasi məhbuslar üzrə məruzəçi təyin etməlidir. Avropa Şurası hüquq müdafiəçilərinin hazırladığı siyahını qəbul edib.

AŞ PA Bürosu Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi məsələsinə baxsa da, sonradan bu təxirə salınıb.

Puç qeyd edib ki, AŞ PA-ın yay sessiyasında Azərbaycanla bağlı qəbul olunan qətanmədə jurnalistlərlə yanaşı bir sıra məhbusların humanizm baxımından azadlığa buraxılmasının vacibliyi qeyd olunub: "Avropa Şurası hesab edir ki, jurnalistlərin həbs olunması, xüsusən də fikrinə görə jurnalistlərin azadlıqdan mərhum edilməsi qəbul olunmazdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti