...

Azərbaycanın "Kəpəz" futbol klubunun yeni prezidenti müəyyənləşdi

Cəmiyyət Materials 10 İyul 2008 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı,10 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Kəpəz" futbol klubunun yeni prezidenti Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov ola bilər. Bu barədə cümə axşamı Trend -a "Kəpəz" klubuna yaxın mənbələr məlumat verib.

Trend -un arayışı: Gəncəni təmsil edən "Kəpəz" klubu dörd ildən çoxdur ki, maliyyə probleminə görə Azərbaycanın futbol çempionatında çıxışını dayandırıb. Bir neçə gün əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev kluba Gəncədə yerləşən "Azəralüminium" zavodunun sponsorluq edəcəyini bildirib. "Kəpəz" mübarizəyə Azərbaycan çempionatının birinci divizionundan start verəcək.

"Kəpəz"in keçmiş baş məşqçisi və vitse-prezidenti Mehman Allahverdiyev klubun yeni prezidenti kimi Həsənovun hələ təsdiqlənmədiyini desə də, bunun mümkün ola biləcəyini bildirib. "Hələ heç nə deyə bilmərəm. Bu gün "Azəralüminium"un nümayəndələri ilə görüşdük. Bir-iki günə hər şey dəqiqləşəcək", - deyə Allahverdiyev əlavə edib.

"Kəpəz" Azərbaycanın ən titullu klublarından biridir. Bu komanda üç dəfə Azərbaycan çempionu olub, dörd dəfə ölkə kubokunu qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti