...

Rumıniyanın "Vasluy" klubunun futbolçusu Azərbaycanın "Neftçi" komandası ilə oyundan əvvəl iddialı danışıb

Cəmiyyət Materials 15 İyul 2008 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanı UEFA-İntertoto kubokunda təmsil edən "Neftçi"nin rəqibi olan Rumıniyanın "Vasluy" komandasının futbolçusu Petar Yovanoviç hesab edir ki, üçüncü mərhələdə Belçikanın "Jerminal" klubu ilə görüşmək daha yaxşı olarmış. Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu bu barədə "Vasluy" klubunun rəsmi İnternet saytına danışıb.

"Neftçi" UEFA-İntertoto kubokunun ikinci mərhələsində Belçikanın "Jerminal" klubu ilə ilk oyunda heç-heçə (1:1) edərək, cavab görüşündə qələbə qazanmaqla (1:0) növbəti mərhələyə vəsiqə qazanıb. Azərbaycan klubu bu mərhələdə Rumıniyanın "Vasluy" komandası ilə oynayacaq.

Yovanoviç bildirib ki, onun komandası Bakıda keçiriləcək ilk oyundan uğurlu nəticə ilə dönməyə çalışacaq. "Biz "Neftçi" ilə oyunlarda uğurlu çıxış edib UEFA kubokuna vəsiqə qazanmalıyıq. Azərbaycan klubu ilə görüşdəki qələbəmizi bir neçə gün əvvəl dünyaya gələn oğluma həsr edəcəm", - deyə Rumıniyadan olan futbolçu əlavə edib.

"Neftçi" ilə "Vasluy" arasındakı ilk oyun iyulun 19-da, saat 21.00-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

UEFA-İntertoto kubokunun üçüncü mərhələsində qələbə qazanan klub UEFA kubokuna vəsiqə əldə edəcək.

Xəbər lenti

Xəbər lenti