...

"Bülbüllər" "Eurovision"dan da mötəbər müsabiqələrdə iştirak edəcək – Aybəniz Haşımova

Cəmiyyət Materials 23 İyul 2008 11:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /TrendLife müxbir Z.Rüstəmova/

"Evrovision" təşkilatçılarının uşaqlar üçün təşkil etdiyi müsabiqə bir neçə ayın tamamında həllini tapacaq. Artıq yerli qrupların əksəriyyəti özünü bu müsabiqədə sınamağa iddialıdır. "Canbala"ın rəhbəri Məryam xanım müsahibələrində müsabiqəyə ən layiqli təmsilçi kimi öz qrupunu gördüyünü dəfələrlə bildirib. Lakin fərqli düşünənlər də var. Müğənni Aybəniz Haşımova TrendLife-a açıqlamasında "Bülbüllər"in yolunu bu tezlikdə "Eurovision"dan salmaq niyyətində olmadığını etiraf etdi:

"Bu müsabiqə mənim üçün bir o qədər önəm daşımır. Dünyada "Eurovision"dan qat-qat məşhur olan müsabiqələr keçirilir. Öncə onu qeyd edim ki, hazırda "Bülbüllər"də çalışan uşaqların yaşı sözügedən müsabiqə üçün keçərli deyil. Artıq onlar dolğun yaş həddinə çatıblar. Amma yaxın günlərdə qrupun tərkib heyəti çoxalacaq. Uzun müddət istedadlılar arasında apardığım axtarışlar öz nəticəsini verib. "Bülbüllər"in heyəti 2 qız və 4 oğlan ifaçısı ilə genişlənəcək. Həmin uşaqlar azyaşlılardırlar və səhnəni veteran "Bülbüllər"lə birgə bölüşəcəklər. Onları ayrı-ayrılıqda təqdim etmək fikrində deyiləm".

Azyaşlı uşaqları da "Evrovision" üçün hazır görməyən Aybəniz xanım onlara səhnə təcrubəsi qazandırmaq lazım olduğunu diqqətə çatdırdı:

"Azyaşlılarla çalışmaq bir qədər çətindir. Onların öz düşüncələri olur və bu bəzən böyüklərin düşündükləri ilə üst-üstə düşmür. Onlarla bir müddət çalışmalı və "Bülbüllər"in formatına salmalıyam. Daha sonra müsabiqələr barədə düşünəcəm. Amma yenə də "Eurovision" mənim üçün birinci mərhələ deyil. Ola bilsin gələn il üçün həmin uşaqları müsabiqənin təmslçililiyinə namizədlərin sırasına qata bilərəm. Bunu o vaxt edəcəyəm ki, uşaqların istedadı onları bir, yaxud ikinci yerə layiq görsün. Üçüncü yerə qane olmaram. Amma bundan öncə başqa müsabiqələr barədə düşünürəm. Yaltada təşkilatçılığı ilə "Eurovision"dan yüksək səviyyədə uşaq festivalları keçirilir. Bir neçə il öncə "Bülbüllər" qrupu orada iştirak etdi və laureat oldular. Uşaqların ifası tamaşaçıları o qədər ovsunlamışdı ki, hətta zalda oturan erməni uşaqlar da onların ifasını ayaqüstə alqışlayırdılar. Mən bu cür müsabiqələrə iddalıyam. Yəqin ki, balaca ifaçıların yolu Yaltadakı müsabiqədən də keçəcək".

Xəbər lenti

Xəbər lenti