Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "İnter" futbol klubu Çempionlar Liqasının üçüncü mərhələsində Türkiyənin məşhur "Fənərbaxça" komandası ilə qarşılaşa bilər. Bu, cümə günü İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatmasından sonra məlum olub.
"İnter" Çempionlar Liqasının ikinci mərhələsinin Bakıda keçirilən ilk oyununda Serbiyanın "Partizan" klubu ilə heç-heçə (1:1) edib. Azərbaycan klubu Serbiyada keçiriləcək cavab görüşündə qələbə qazansa, üçüncü mərhələdə "Fənərbaxça" ilə oynayacaq.
Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları avqustun 12-13-də, cavab görüşləri isə avqustun 26-27-də keçiriləcək.
"Fənərbaxça" əvvəllər avrokuboklarda Azərbaycanın "Turan" komandası ilə oynayıb. Hər iki oyun Türkiyə klubunun qələbəsi ilə başa çatıb.