...

Futbol üzrə Azərbaycan Premyer-Liqasının oyunlarında sürət çatışmır – milli komandanın keçmiş məşqçiləri

Cəmiyyət Materials 20 Avqust 2008 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının keçmiş məşqçiləri Premyer-Liqanın səviyyəsindən narazıdırlar. Bu barədə mütəxəssislər Premyer-Liqanın geridə qalan iki turu ilə bağlı Trend -a bildiriblər.

Milli komandanın keçmiş baş məşqçisi Şahin Diniyev bildirib ki, çempionatda rəqabət artsa da, oyunların səviyyəsində heç bir dəyişiklik yoxdur. "Ötən çempionatlarla müqayisədə rəqabət artıb. İndi daha çox komanda medallar uğrunda mübarizə aparır. Amma buna baxmayaraq, oyunlarda əvvəlki kimi sürət yoxdur. Biz hələ də Avropadan çox geri qalırıq", - deyə Diniyev əlavə edib.

Azərbaycan Premyer-Liqası bu ilin avqustun 9-da başlayıb. Premyer-Liqada 14 klub iştirak edir.

Bu mövsümdən etibarən, Premyer-Liqanın oyunlarına Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yox, Peşəkar Futbol Liqası (PFL) nəzarət edir.

Yığma komandanın digər keçmiş baş məşqçisi Vaqif Sadıqov isə bildirib ki, Premyer-Liqada iştirak edən klubların heyətlərində səviyyəli futbolçuların sayı çox azdır: "Komandaların heyətlərində səviyyəli futbolçular görmək istəyirik. Təəssüf ki, bizdə belə futbolçular çox azdır. Düzdür, təşkilatçılıq baxımından müəyyən yeniliklər var. Amma çempionat oyunları yenə əvvəlki kimi zəif keçir".

Azərbaycan Premyer-Liqasında iki turdan sonra hesabında altı xalı olan "Qəbələ" klubu liderlik edir.

Xəbər lenti

Xəbər lenti