...

Azərbaycanın Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfv olunacağına ümid edir

Cəmiyyət Materials 21 Avqust 2008 16:57 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfv olunacağına ümid edir

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mətbuat Şurası həbsdə olan 3 jürnalistin ölkə prezidenti tərəfindən əfv olunacağına ümid edir.

"Biz iyul ayında jurnalistlərin əfvi ilə bağlı ölkə prezidentinə müraciət etmişik, bu müraciət qüvvədədir və məsələ gündəmdən çıxmayıb. Mətbuat Şurası İdarə Heyətinin yaxın günlərdə keçiriləcək iclasında məsələyə bir də baxılacaq və biz istəyirik ki, həbsdə olan jurnalistlər tezliklə azadlığa çıxsınlar", -cümə axşamı Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Azərbaycanda bu il oktyabrın 15 - də keçiriləcək prezident seçkilərinədək növbəti əfv fərmanının imzalanacağı gözlənilir. Son iki həftə ərzində Prezident yanında Əfv Komissiyasının iclası keçirilib.

Hazırda Azərbaycanda "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, qəzetin əməkdaşı Mirzə Sakit, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsdədir. Zahid 2007-ci ilin noyabrında 4 il müddətinə azadlıqdan məhrum edilib. Qəsdən sağlamlığa az ağır zərər vurmaqda və xuliqanlıqda günahlandırılıb. Sakit 2006 - cı ilin iyunundan həbsdədir və 3 il həbs cəzası alıb. Qanunsuz narkotik maddə saxlamaqda ittiham olunub. Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Cəza müddəti 2007- ci ilin aprelindən hesablanır. Terrorçuluqla hədələmədə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial ,dini nifrət və düşmənçilik salmada, külli miqdarda vergidən yayınmada təqsirli bilinib.

Amaşov vurğulayıb ki, Mətbuat Şurası prezidentə jurnalistlərin əfvi ilə bağlı etdiyi müraciətin müsbət nəticə verəcəyinə çox ümid edir. "Həbsdə olan jurnalistlər, həm də ailə başçılarıdır. Onların əfv edilməsi Azərbaycanın beynəlxalq aləmdə imicinə müsbət təsir göstərə bilər" - deyə Amaşov əlavə edib.

Azərbaycanın Mətbuat Şurası 2003- cü il martın 15 - də jurnalistlərin I qurultayında yaradılıb. Şura yaradılandan quruma Əflatun Amaşov sədrlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti