...

Azərbaycan paytaxtında qəzalı vəziyyətdə olduğu bildirilən binanın sakinləri aksiya keçiriblər

Cəmiyyət Materials 25 Avqust 2008 13:05 (UTC +04:00)
Azərbaycan paytaxtında qəzalı vəziyyətdə olduğu bildirilən binanın sakinləri aksiya keçiriblər

Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir S.Kazımlı / Bakının Yasamal rayonunun, Hüseyn Cavid, Şəfayət Mehdiyev və Landau küçələrinin kəsişməsində yerləşən 546-cı məhəlləsindəki qəzalı vəziyyətdə olduğu bildirilən (metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında yerləşən) binanın sakinləri bu gün etiraz aksiyası keçiriblər.

Trend -un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sakinlər saat 11:00 radələrində yaşadıqları binanın qarşısında toplaşaraq pozulmuş hüquqlarının bərpa edilməsini tələb ediblər. Aksiyada çıxış edən Bakı Dövlət Universitetinin dosenti Çingiz Həsənov binanın qəzalı olmadığını və binanın ancaq təmirə ehtiyacı olduğunu bildirib.

Binanın digər sakini, əməkdar elm xadimi Həbibə Qasımova isə evlərinin sökülməsinə imkan verməyəcəklərini deyib. Sakinlər bundan sonra "Binamız təmir edilsin, evlərimizə işıq, su və qaz verilsin" süarları səsləndiriblər.

Trend -un arayışı: Bu ilin iyul ayının 19-da sakinlərlə görüşən Yasamal rayonundakı 21 saylı Mənzil İstismar Sahəsinin rəisi Laçın Hacıyev Nazirlər Kabinetinin möhürü ilə təsdiqlənmiş sərəncamı sakinlərin diqqətinə çatdırıb. Sərəncamda göstərilib ki, Bakı şəhəri, Yasamal rayonu, akademik Şəfayət Mehdiyev küçəsi, 546-cı məhəllə, 17 ünvanında beşmərtəbəli yaşayış binasının təhlükəli vəziyyətdə olan mənzillərində yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması üçün onların digər ünvanlarda mənzil kirayələyib müvəqqəti yerləşməsi məqsədilə 36 ailənin rayon ərazisində digər ünvanlarda yerləşməsi üçün tələb olunan 6 aylıq kirayə haqları və köçürülmə xərclərinin ödənilməsi üçün 130560 manat ayrılması nəzərdə tutulur. 1 otaqlı mənzil sahiblərinə 400 manat, 2 otaqlılar üçün 500 manat, 3 otaqlı mənzil sahibləri üçün 700 manat, habelə vətəndaşların köçürülmə xərcləri üçün 1 avtoreysə görə 120 manat vəsait ödəniləcək. Sərəncamda sakinlərin yaşadıqları binanın sökülüb-sökülməməsi və yaxud da təmiri ilə bağlı heç nə öz əksini tapmayıb.

Sakinləri qəbul edən Baş nazirin müavini Abid Şərifov onlara binanın söküləcəyini deyib. Şərifov binanın 5, 6, 7-ci bloklarının, sonrakı mərhələdə isə binanın digər 7 blokunun da söküləcəyini söyləyib. Baş nazirin müavini sakinlərə bildirib ki, gələcəkdə həmin ərazidə tikilən binada sakinlərə indiki mənzil sahələrindən 20 faiz artıq mənzillər veriləcək.

Bina 1959-cu ilin aprel ayından tikilməyə başlanılıb. 1960-cı ildə isə bina istifadəyə verilib. Həmin ildən binada Bakı Dövlət Universitetinin və Milli Elmlər Akademiyasinin professor, alim və dosentləri yaşamağa başlayıblar. Bu ilin iyun ayının 19-da gecə saatlarında bir qrup polis əməkdaşı binaya daxil olaraq 5, 6 və 7-ci bloklarda yaşayan 40 ailəni mənzillərdən çıxarıblar. Həmin gündən qeyd olunan bloklardakı mənzillərə verilən qaz, su və elektrik enerjisi kəsilib. Binanın təxminən 40-dan artıq eyvanı sökülüb.

Avqustun 13-də Yasamal rayonu, Hüseyn Cavid, Şəfayət Mehdiyev və Landau küçələrinin kəsişməsində yerləşən 546-cı məhəllədəki qəzalı vəziyyətdə olduğu bildirilən binanın bir qrup sakinləri keçirdikləri mətbuat konfransında binanın qəzalı vəziyyətdə olmadığını və evlərindən çıxmayacaqlarını deyiblər.

Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri avqustun 14-də Şəfayət Mehdiyev küçəsində yerləşən 546-cı məhəllədəki qəzalı vəziyyətdə olduğu bildirilən 17 saylı binanın sakinlərinın evlərindən çıxmaları haqda elan vurublar. Elanda göstərilib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncami ilə sakinlərin müvəqqəti olaraq digər yerlərdə yaşaması üçün 6 aylıq kirayə pulu və əmlakın daşınması üçün müavinat ayrılıb. Elanda ayrılan müavinatların "Kapitalbank"ın 2 saylı Yasamal filialında sakinlərin adına açılan xüsusi hesaba köçürüldüyü qeyd edilib. Elanda avqust ayının 25-dək mənzillərin tam boşaldılması və ərazi üzrə 21 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəhbərliyinə məlumat verilməsi də əks olunub.

Aksiyaçılar daha sonra Landau döngəsinə gedərək yolun kənarında əl-ələ tutaraq sakit aksiyanı davam etdiriblər. Hadisə yerinə gələn Yasamal rayon Polis İdarəsinin əməkdaşları aksiyanın icazəsiz olduğunu əsas gətirərək sakinlərin oradan dağılışmasını tələb ediblər və onların əllərindəki plokatları alıblar. Sakinlər təxminən 15-20 dəqiqə əl-ələ tutaraq yolun kənarında sıra ilə düzüldükdən sonra dağlışıblar. Aksiya zamanı polis tərəfindən saxlanılan olmayıb, insident qeydə alınmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti