Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda avqustda medianın hüququ durumu ilə bağlı növbəti hesabatını açıqlayıb.
Trend -a verilən məlumata görə, avqustda mediaya qarşı ümumilikdə 43 məhkəmə iclası keçirilib. Məhkəmələrin medianın tərəf olduğu işlər üzrə çıxardığı qərarlardan yalnız biri onun xeyrinə olub. Yasamal məhkəməsi Azadlıq Hərəkatçıları Birliyinin təsisçisi kimi tanınan Təhmasib Novruzovun "Azadlıq" qəzetinə qarşı iddiasını rədd edib. İddiaçı qəzetin təsisçilik hüququnun redaksiya heyətindən alınmasını, qəzetin üzərinə 150 min AZN məbləğində ödənc qoyulmasını tələb edirdi.
Mediaya qarşı qaldırılan iddialardan daha biri geri götürülüb - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Biolji Resursların Artırılması və Mühafizəsi Departamentinin 150 min AZN təzminat tələb edən rəis müavini Qabil Məmmədov "Gündəlik Bakı" qəzetinə qarşı məhkəmə davasından geri çəkilib.
Digər məhkəmə qərarları medianın əleyhinə olub.
Sənədə görə, "Yeni Müsavat" qəzetinin əməkdaşı Əfqan Muxtarlı ictimai xadimlərin keçirdiyi kütləvi aksiyada polisin təzyiqi ilə üzləşib. Nəsimi Polis İdarəsinin əməkdaşları jurnalisti 2 saatdan artıq qanunsuz saxlamaqdan çəkinməyiblər. Tənqidi yazıları, reportaajları ilə tanınan jurnalist bundan öncə də dəfələrlə polisin təzyiqinə, qanunsuz saxlamaya məruz qalıb. Bu faktların heç biri əlaqəli strukturlar tərəfindən araşdırılmayıb.
"Azadlıq" radiosunun bölgə müxbirləri İlqar və Məlahət Nəsibovlar, eləcə də Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun nümayəndəsi Elman Abbasov Muxtar Respublikanın Babək rayonunda peşə fəaliyyətini yerinə yetirərkən hücuma məruz qalıblar.
Ötən ay jurnalistlərin döyülməsi, hədələnməsi faktlarının araşdırılması yönündə heç bir irəliləyiş nəzərə çarpmayıb.
Müяlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]