...

Azərbaycanda legioner futbolçulara qoyulan limitin ləğv olunması FİFA və UEFA-nın tələblərinə ziddir - keçmiş baş katib

Cəmiyyət Materials 26 Sentyabr 2008 12:51 (UTC +04:00)
Azərbaycanda legioner futbolçulara qoyulan limitin ləğv olunması FİFA və UEFA-nın tələblərinə ziddir - keçmiş baş katib

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş baş katibi Fuad Əsədov hesab edir ki, Premyer-Liqada legioner futbolçulara qoyulan limitin ləğv olunması FİFA və UEFA-nın tələblərinə ziddir.

"Həm FİFA, həm də UEFA hazırda bütün ölkələrdə legioner limitinin azaldılmasına çalışır. Amma bizdə bunun əksinədir. Hesab edirəm ki, Azərbaycan Premyer-Liqasında legionerlərə qoyulan limitin ləğv olunması düzgün addım deyil", cümə günü Trend -a keçmiş baş katib deyib.

Əsədov AFFA-nın keçmiş prezidentləri olan Fuad Musayevin və Ramiz Mirzəyevin dövründə federasiyada baş katib vəzifəsində fəaliyyət göstərib. Onun sağlamlığı ilə bağlı vəzifəsindən istefa verməsindən sonra AFFA-nın baş katibi Elxan Məmmədov olub.

Keçmiş baş katib bildirib ki, o, AFFA-da işləyərkən də legioner limitinin artırılmasının əleyhinə olub.

"Hazırda Avropanın əksər ölkələrində legionerlərə qoyulan limit azaldılır. Bizdə də belə olmalıdır. Mən AFFA-da işləyəndə də limitin artırılmasının əleyhinə idim. Çempionatda ancaq legionerlər oynayacaqsa, bəs yerli futbolçular harda çıxış edəcəklər?", - deyə Əsədov əlavə edib.

Bu ilin əvvəllərində qəbul olunan qaydaya görə, Azərbaycan Premyer-Liqasında iştirak edən klublara oyunlarda istədikləri sayda legioner futbolçunun xidmətindən istifadə etməyə icazə verilir.

Hazırda Azərbaycan yığma komandasında da legioner futbolçular çıxış edir. İndiyədək yığma komandaya daha çox Braziliyadan olan futbolçular cəlb olunub ї Ernani Pereyra, Andre Ladaqa, Markus Fereyra, Leandro Qomeş və Fabio Luis Ramim.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti