Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Litvada oktyabrın 12-də keçiriləcək parlament seçkilərində azərbaycanlı Mahir Həmzəyev də namizəd kimi iştirak edəcək. "Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Həmzəyev seçkilərə Litva Liberallarının Birgə Hərəkatı Partiyasının xətti ilə qatılıb", bu barədə cümə günü Trend -a Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Trend -un arayışı: Litva Mərkəzi Seçki Komissiyasının məlumatına görə seçkilərdə 21 siyasi partiyanın irəli sürdüyü namizədlər iştirak edəcək. Litvada cəmi 71 seçki dairəsi fəaliyyət göstərir. Parlamentə 71 deputat təkmandatlı, 70 nəfər isə çoxmandatlı seçki dairəsindən seçilir.
Komitədən bildirilib ki, Litva Liberallarının Birgə Hərəkatı Partiyasının sədri fəaliyyətdə olan Litva Seyminin üzvü Eligiyus Masyulisdir. Partiyanın liderlərindən biri Gintaras Steponaviçyus Seymin sədr müavinidir.
"Mahir Həmzəyev seçkilərdə həm təkmandatlı, həm çoxmandatlı sistem üzrə iştirak edir. Onun namizədliyinin irəli sürüldüyü 52 saylı Zarasay-Visaginas təkmandatlı seçki dairəsi Vilnüsün 160 km.-də yerləşir və bura əsasən rus pravoslavlarının məskunlaşdığı bölgədir. Çoxmandatlı seçki dairələri üçün tərtib olunmuş partiya siyahısında isə Mahir Həmzəyevin adı 100 nəfərin arasında 23-cüdür", -deyə məlumatda qeyd olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]