Azərbaycan, Bakı, 22 oktyabr / Trend Life , müxbir Eldar Hüseynzadə /
Beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü, gənc Azərbaycan dirijoru Eyyub Quliyev noyabrın 3-dən 10-dək Afinada keçiriləcək beynəlxalq simfonik musiqi festivalında iştirak edəcək. Trend Life-ın verdiyi xəbərə görə, festivalın təşkilatçısı Yunanıstanın Mədəniyyət Nazirilyi və "Colours" simfonik orkestridir. Festivala dünyanın bir sıra ölkələrdən məşhur dirijorlar dəvət olunub: ABŞ, Braziliya, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Polşa, Latviya, Koreya və b. Quliyev festivalda Yunanıstanın ən yaxşı orkestrlərindən biri olan "Colours" simfonik orkestrinə dirijorluq edəcək. Festival çərçivəsində bütün konsertlər Yunanıstanın məşhur "Megaron Mousikis Athinon" konsert zalında keçiriləcək.
Azərbaycan dirijorunun çıxış proqramına XIX və XX əsrlərin dahi bəstəkarları L.V.Bethoven ("Eqmont"), İ.Brams (III simfoniya), P.Çaykovski ("Romeo və Culyetta" uvertyura-fantaziyası), K.Debyussinin ("Dəniz") əsərləri daxildir. Həmçinin məşhur yunan bəstəkarı Teodor Antonionun I simfoniyasının ifası da planlaşdırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] .