Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir R.Ergün/ Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində, "Neftçi" klubu MOİK klubuna 2:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı 3-cü dəqiqədə MOİK-in futboçusu Tural Cəfərzadə açıb. 15 dəqiqə sonra Marko Dafçev hesabı bərabərləşdirib. Matçın 62-cı dəqiqəsində "Neftçi"nin estoniyalı yarımmüdafiəçisi Dmitri Kruqlov komandasının qələbə topunu vurub.
"Neftçi" Azərbaycan Premyer-Liqasının yeddinci turu çərçivəsində də MOİK-lə qarşılaşmış və 5:0 hesabı ilə qələbə qazanmışdı.
Oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Hans Yugen Gede komandasının növbət mərhələyə çıxmaq şansı olduğunu deyib.
"Növbəti mərhələyə adlamaq şansımız qalır. Bu gün, əsasən, gənc futbolçulara imkan verdim. Onların oyunu məni razı saldı. Hər şey yaxşı olacaq" - deyə almaniyalı baş məşqçi deyib.
Gede komandada baş verənlərlə bağlı danışmaqdan imtina edərək, sabah keçiriləcək mətbuat konfransında bu barədə danışacağını bildirib.
Bu gün "Qəbələ" klubu da "Turan"a 2:1 hesabı ilə qalib gəlib. Günün digər qarşılaşması saat 20.00 - da "İnter"lə "Standard" arasında keçriləcək.
1/8 final mərhələsinin qalan oyunları sabah keçiriləcək:
"Xəzər - Lənkəran" - NBC, "Bakı" - "Qafqaz Universiteti", "Qarabağ" - "Bakılı", "Simurq" - "Spartak", "Olimpik" - "Karvan".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]